
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və
regional bölmələrinin əməkdaşları Zaqatala və Balakən rayonlarının
kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və
maarifləndirmə tədbirlərini davam etdirirlər.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentliyin regional bölmələrindən ezam olunan
əməkdaşlar 3-cü Tala, Dağlı və İtitala kəndlərində genişmiqyaslı
monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri
həyata keçiriblər.
AQTA əməkdaşları sakinlərlə birlikdə Zaqatala və Balakəndə
600-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə,
tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış
keçiriblər. Qışlama mərhələsində olan yüz minlərlə zərərverici fərd
aşkar edilərək mexaniki üsulla məhv edilib.
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara
məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi
mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə
həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində
profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə
həyata keçirməlidir.


