
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təcrübə və
Karyera Mərkəzinin təşkilatçılığı ilə “Əmək bazarı üçün XXI əsr
bacarıqları” mövzusunda maarifləndirici təlim keçilib.
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov
çıxış edərək tələbələrin və məzunların uğurlu karyera qurması üçün
universitetdə görülən işlərdən danışıb. Prorektor qeyd edib ki,
müasir dövürdə universitetlərin tədris kefiyyətinin əsas
göstəricilərindən biri də məzunların işlə təminat səviyyəsidir. Bu
baxımdan AzMİU-nun ölkəmizin ali təhsil müəssisələri arasında ilk
sıralarda olmasını vurğulayan Akif Qasımov sözügedən istiqamətdə
işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra ICF standartlı karyera və inkişaf mentoru, TOT
sertifikatlı təlimçi İlkanə Əmirova iştirakçılara qlobal əmək
bazarında baş verən dəyişikliklər, insan kapitalının formalaşması,
süni intellekt və rəqəmsal transformasiyanın iş mühitinə təsiri,
eləcə də müasir karyera planlaşdırılması ilə bağlı aktual
istiqamətlər, dəyişən meyillər barədə məlumat verilib.
Təlimdə tələbələrlə əmək bazarında yüksək tələbat olan
bacarıqlar, düzgün karyera seçimi, bacarıq boşluğunun
müəyyənləşdirilməsi, bacarıqların artırılması və yenidən
ixtisaslaşma strategiyaları üzrə praktik istiqamətlər üzrə söhbət
aparılıb.
Proqram, həmçinin tələbələrin peşəkar əlaqə qurma bacarığının
inkişaf etdirilməsi, işgüzar münasibətlərin genişləndirilməsi və
real əmək bazarı tələblərini daha dərindən anlamaq məqsədi ilə
nəzəri və tətbiqi yanaşmalarla zəngin olub.
Qeyd edək ki, təlim AzMİU-nun tələbələrin peşəkar inkişafını və
əmək bazarına inteqrasiyasını dəstəkləyən strateji fəaliyyət planı
çərçivəsində həyata keçirilib. Tələbələrin peşə hazırlığının
möhkəmləndirilməsi və onların müasir əmək bazarının çağırışlarına
uyğun bacarıqlar qazanması AzMİU-nun prioritet
istiqamətlərindəndir. Bu kimi təlimlərin mütəmadi təşkili
universitetin tələbələrin karyera perspektivlərini genişləndirməyə
verdiyi xüsusi diqqətin göstəricisidir.

