Azərbaycanda boşanmaların sayı niyə artır? –

Baş səhifə

Ölkədə son illər ailə institutunda müşahidə olunan dəyişikliklər, boşanma statistikasının artması bu mövzuya diqqəti artırıb. Rəqəmlər göstərir ki, nikaha daxil olan cütlüklərin böyük hissəsi münasibətlərini uzun müddət davam etdirə bilmir. Bəs bu tendensiyanın arxasında hansı sosial və psixoloji amillər dayanır?

Sosioloq Mətanət Məmmədova Metbuat.az-a açıqlamasında bildirib ki, bu ilin doqquz ayına dair məlumata əsasən, 36 mindən çox ailə qurulub, onlardan 15 mindən çoxu isə artıq boşanıb. Bu da o deməkdir ki, ölkəmizdə qurulan hər iki ailədən biri dağılıb:

“Lakin bu rəqəmlər bölgələr üzrə fərqlidir. Bu səbəbdən aidiyyəti qurumlar həmin bölgələrdə vəziyyəti nəzarətə götürməli, xüsusi maarifləndirmə işlərinə başlamalıdırlar ki, nəyə görə məhz o ərazilərdə daha çox boşanmalar baş verir. Son məlumatlara görə, boşanmaların ən çox qeydə alındığı yer Bakı şəhəridir. Deməli, aid qurumlar xüsusilə daha həssas bölgələrdə intensiv iş aparmalıdırlar”.

Sosioloqun sözlərinə görə, bu gün Azərbaycanın ailə modeli bir neçə il əvvəllə müqayisədə xeyli dəyişib:

“Boşanmaların əsas iki səbəbi var: sosial-iqtisadi və sosial-mənəvi problemlər. Sosial-iqtisadi vəziyyətin çətinliyi – gənclərin işlə təminatının zəif olması, kirayələrdə yaşaması, mənzil ala bilməməsi, əməkhaqlarının aşağı olması ümumi şəkildə göstərilən səbəblərdir. Lakin bu məsələyə ayrıca baxanda görünür ki, Azərbaycan bundan əvvəl də ağır dövrlər yaşayıb. Ötən əsrdə ölkəmiz böyük müharibələri görüb, məsələn, 1941–45-ci illərdə İkinci Dünya müharibəsi, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi. Həmin dövrlərdə insanların yaşayışı ağır olub, ölkədə xaos yaşanıb, iş yerləri bağlanıb, insanlar çörək və neft növbələrində günlərlə gözləyib. Amma bütün bunlara baxmayaraq, o vaxtlar ailələrdə indiki kimi boşanma halları müşahidə olunmurdu. Deməli, yalnız sosial-iqtisadi çətinliklər ailələrin dağılması üçün əsas səbəb sayıla bilməz”.

M.Məmmədovanın fikrincə, ailəni qoruyan əsas məsələ tərəflərin bir-birinə hörməti, məsuliyyəti və bir yastıqda qocalmaq iradəsidir. Bu gün isə cəmiyyətimizdə sosial-psixoloji problemlər ön plana çıxıb:

“Gənclərə sanki belə bir fikir diktə olunur ki, hər hansı kiçik problem yarananda ailəni dağıtmaq olar. Gənclər dözümsüz, səbirsiz olublar. Amma günah təkcə onların deyil – biz valideynlər də övladları həyata yetərincə hazırlaya bilməmişik. Onlara düzgün tərbiyə, düzgün istiqamət verə bilməmişik. Ailə dağılmaq həddinə gələndə böyüklər müdaxilə etmək, məsləhət vermək, durumun qarşısını almaq əvəzinə çox zaman kənarda dayanırlar. Bəzi valideynlərin yanlış tövsiyələri də boşanmalara rəvac verir. Bəzən ana qızına “sənə heç kim söz deyə bilməz, dediyin olmalıdır” deyir. Halbuki məsələnin kökü ailədaxili kiçik incikliklər deyil. Problem daha dərindir: səbir, qarşılıqlı anlayış və psixoloji dözümlülüyün azalması. Halbuki hər bir ailədə söz-söhbət ola bilər. Necə ki, ana ilə bala, ata ilə oğul arasında da fikir ayrılığı olur, eyni şey həyat yoldaşları arasında da təbiidir. Mübahisəni dərhal boşanma səbəbinə çevirmək doğru deyil”.

Fotoda: Sosioloq Mətanət Məmmədova

Ekspert qeyd edib ki, bu gün boşanma hallarının artmasında qadınların daha çox emosional qərarlar verməsi, bəzən boşanmanı bir təhdid vasitəsi kimi istifadə etməsi də rol oynayır:

“Aliment, sosial yardım kimi mexanizmlər isə bəzi hallarda boşanmanı “rahat yol” kimi göstərir. Ona görə də boşanma prosesi müəyyən qədər çətinləşdirilməli, hər müraciət araşdırılmalı, səbəb ciddi yoxlanmalıdır. Xəyanət, alkoqolizm, narkomaniya və ciddi psixoloji problemlər kimi əsaslı səbəblər istisna olmaqla, digər hallarda tərəflərə barışıq üçün daha geniş vaxt ayrılmalıdır. Məhkəmə sistemi də bu istiqamətdə yenidən nəzərdən keçirilməlidir. Çünki əvvəlki nəsillərlə indiki nəsil arasında ciddi fərq var və qanunlar da dövrün reallıqlarına uyğunlaşdırılmalıdır. Boşanmaların azalması üçün maarifləndirmə işləri gücləndirilməli, xüsusilə boşanmaların çox olduğu bölgələrdə geniş sosial layihələr həyata keçirilməlidir. Bu prosesə yalnız gənclər deyil, həmin bölgənin ağsaqqalları, ağbirçəkləri, valideynləri də cəlb olunmalıdır. Çünki ailənin dayanıqlığında hər kəsin rolu var”.

M.Məmmədova sosial şəbəkələrin mənfi təsirinin nəzərə alınmasını tövsiyə edib:

“Orada təqdim olunan süni, şişirdilmiş “ideal həyat” görüntüləri insanlarda yanlış gözlənti yaradır. Hər kəs həmin görüntüləri eyni şüurla qəbul etmir. Maddi vəziyyətini, ailəsinin real gəlirini nəzərə almadan başqalarının yaratdığı görüntülərlə öz həyatını müqayisə edənlər ailəsində narazılıq yaradır. Eyni zamanda, kişilər də ailədə qadının gördüyü işlərin, zəhmətin, çəkdiyi yükün dəyərini anlamalıdırlar. Bu gün ailələrin qorunması üçün hər kəs məsuliyyətli olmalıdır. Sadiqlik, səbir, dözümlülük və qarşılıqlı anlayış – Azərbaycan ailəsinin əsrlər boyu daşıdığı dəyərləridir. Əgər biz bu dəyərləri qorumasak, gələcəkdə vəziyyət daha da ağırlaşacaq. Hətta elə bir mərhələ gələ bilər ki, qurulan ailələrin çoxu qısa müddətdə dağılacaq. Ailə oyuncaq deyil. Nikaha daxil olan hər iki tərəf bir yastıqda qocalmağa söz verir. Necə olur ki, bəziləri iki ildən, altı aydan və ya bir neçə ildən sonra ayrılmağa qərar verir? Bu səbəblər araşdırılmalı, kökdən həll olunmalıdır. Biz boşananlarla mübarizə yox, boşanmaya səbəb olan amillərlə mübarizə aparmalıyıq. Ailənin qorunması həm dövlətin, həm cəmiyyətin, həm də hər bir fərdin borcudur. Azərbaycan cəmiyyəti bu qədər yüksək boşanma səviyyəsinə layiq deyil. Özü-özümüzə bu sualı verməliyik: iki ailədən birinin dağılması bizim dəyərlərimizə uyğundurmu? Əgər cavab “yox”dursa, deməli, hər birimiz bu problemə ciddi yanaşmalı və boşanmalara “yox” deməyi öyrənməliyik”.

Vəkil İsrafil Əlili də öz açıqlamasında bildirib ki, nikah üçün müraciət edən cütlüklər qeydiyyat şöbələrinə və ya “ASAN xidmət”ə yaxınlaşdıqda müəyyən tibbi analizlərdən keçirlər. Bu analizlərlə yanaşı, tərəflərə psixoloji dəstək də göstərilməlidir:

“Çünki bir çox insanlar ailə qurarkən bu birliyin mahiyyətini tam anlamadan nikaha daxil olurlar. Bu səbəbdən də psixoloqlar tərəfindən gələcək ailə həyatının məsuliyyəti və prinsipləri barədə izah və maarifləndirilmə aparılması məqsədəuyğundur. Təbii ki, bir yerdə yaşayan insanların fikir ayrılığı labüddür. Lakin son illərdə ən xırda anlaşılmazlığın belə boşanma qərarı ilə nəticələnməsi halları artır. Son dövrlər xüsusilə üçüncü şəxslərin, daha çox isə valideynlərin müdaxiləsi üzündən ailələrin dağılması halları çoxalıb. Əgər iki yetkin insan ailə qurmağa qərar verirsə, onların şəxsi münasibətlərinə kənardan müdaxilə minimum səviyyədə olmalıdır. Müdaxilə olacağı təqdirdə belə, bu, münasibətləri zədələyəcək həddə çatmamalıdır”.

İ.Əlili hesab edir ki, valideynlərin övladlarını müstəqil şəxsiyyət kimi formalaşdırmaması da sonradan ailə problemlərinə yol açır:

“Çox vaxt ailədə yaranan kiçik bir anlaşılmazlıq dərhal boşanma fikri ilə nəticələnir. Valideynlərin isə belə situasiyalarda tərəflərdən birini müdafiə etmək əvəzinə, əvvəlcə məsələni soyuqqanlı şəkildə dinləməsi və öyüd-nəsihətlə yönləndirməsi daha sağlam yanaşmadır. Əlbəttə, elə hallar olur ki, ayrılıq qaçılmazdır — məsələn, zorakılıq və ya pis vərdişlər, hansı ki ailədə dözümsüzlük yaradır. Lakin çox vaxt problem böyüdülmüş xırda səhvlərdən qaynaqlanır və valideynlərin emosional müdaxiləsi vəziyyəti daha da gərginləşdirir. Valideynlərin müdrik davranışı və düzgün məsləhətləri boşanmaların sayını əhəmiyyətli dərəcədə azalda bilər”.

Fotoda: Vəkil İsrafil Əlili

Vəkil qeyd edir ki, ailələrdə yaranan problemlərin əsas səbəblərindən biri dözümlülüyün azlığıdır. Onun sözlərinə görə, qadın və kişinin istəklərini, xarakterlərini anlamaq ailənin davamlılığı üçün mühüm şərtdir:

“Cütlüklərin yalnız sevgi üzərində deyil, həm də dostluq münasibəti qurması ailəni daha möhkəm edir. Tolerantlıq olmadıqda ən kiçik mübahisə belə böyüyərək ayrılığa gətirib çıxara bilir. Bu isə çox zaman insanların özlərini həmişə haqlı sayması və kompromisə getmək istəməməsindən irəli gəlir. İnsanlar əvvəlcə xırda və böyük səhvlərini qəbul etməyi, nəticə çıxarmağı və anlaşmaya açıq olmağı bacarmalıdırlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.