Bakı. Trend:
“Milli Şura”nın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan
qaçmaq istəyib.
Trend-in
məlumatına görə, o sosial şəbəkədə özü bildirib ki, o, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək
istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq
edildiyini öyrənib.
Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.
Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli
və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış
aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.
Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan
cinayət işi ilə əlaqədardır.
Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha
bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana
deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə
aparılıb.
Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli
Dubayda hansı “təxirəsalınmaz ailə tədbirinə” gedirdi? Aydındır ki,
Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək
istəyib…
Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də
ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də,
qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.
Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış
zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar,
Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin
redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya
yayılıb.
Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı”nın
namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının
kimlər olduğu heç kimə sirr deyil.

