
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və
müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına
səfəri çərçivəsində təşkilatın “Minhəc” elektron platformasının
istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak edib.
QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsəlman dini
liderlərinin, İslam dünyasının görkəmli dövlət və din xadimlərinin,
alim və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən
tədbirin ev sahibliyini İslam Aləmi Liqasının Baş katibi, Səudiyyə
Ərəbistanı Böyük İslam Alimləri Məclisinin sədri, Şeyx Doktor
Məhəmməd Əbdülkərim Əl-İssa edib.
O, mərasimdə çıxış edərkən yeni yaradılmış İslami elektron
platformasının əsas məqsədini islam dininə aid elmi, fiqhi və
tarixi-mədəni məlumatların elektron ensiklopedik formada
cəmləşdirərək dünyaya təqdim olunması kimi səciyyələndirib.
Mərasimin təqdimat hissəsində çıxış edən Kəbə Evinin imamı və
xətibi Şeyx Saleh bin Hümeyd, Əlcəzair Ali İslam şurasının sədri
Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin
(Parlamentinin) sədri, cənab Əhməd Mauzəni, Səudiyyə Ərəbistanın
baş müftisi Şeyx Saleh Əl-Fauzən yeni platformanın müasir tələblərə
uyğun səviyyədə olduğunu vurğulayıb, bunun sayəsində rəqəmsal
məkanda müəyyən geridəqalmağın aradan qaldırılacağını qeyd ediblər.
Tədbirin rəsmi hissəsi Şeyxülislam A.Paşazadə daxil olmaqla İslam
dünyasının 8 görkəmli lideri tərəfindən rəqəmsal platformanın
simvolik işə salınması ilə yekunlaşdırılıb.
Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə
bir sıra ikitırəfli görüşlər keçirib. Belə ki, QMİ sədri Kəbə
Evinin imamı və xətibi Şeyx Saleh bin Hümeyd, Səudiyyə Ərəbistanı
Böyük İslam Alimləri Məclisinin baş katibi Dr. Fəhd bin Saad
əl-Məcid, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd
əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin)
sədri, cənab Əhməd Mauzəni, Livan Milli Müsəlman-Xristian dialoq
komitəsinin həmsədri, Dr. Məhəmməd Sammak və Özbəkistanın İslam
Sivilizasiyası Mərkəzinin baş direktoru Firdovs Abduxalikov ilə
görüşüb.
Görüşlər zamanı Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin
işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa-quruculuq
işləri barədə, erməni vandalizminə məruz qalmış ümumislam
əhəmiyyətli mədəni-mənəvi irsimizin dirçəldilməsi yönündə misilsiz
yenidənqurma işlərinin davam etməsindən danışıb, həmin torpaqlarda
dağıdılmış məscidlərin yerində yenilərinin inşa edilməsindən, Azan
səslərinin ucaldığından qürurla bəhs edib.
QMİ sədri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan
dövlətinin, habelə dini mərkəzin İslam dünyası ilə əlaqələrinin
dərinləşməsindən, İslamdaxili həmrəylik və dialoqun inkişafına
artan töhfələrindən və qarşıdakı əməkdaşlıq perspektivlərindən
məmnunluqla söz açıb. Görüşlərdə tərəflərin təmsil etdiyi qurumlar
və ölkələr arasında dini-mənəvi əlaqələrin və əməkdaşlığın
perspektivləri müzakirə olunub.

