XİN nazirinin müavini Mərakeşdə enerji və təhlükəsizlik mövzularında çıxış edib

Baş səhifə

Bakı. Trend:

26-29 noyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə
olub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 26 noyabr tarixində
nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali
təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə
heyəti qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasəti”
mövzusunda məruzə ilə çıxış edib.

F.Rzayev məruzəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən
sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və
beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat
verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam
Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev
sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş
arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son
proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.

Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində
Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays
Forumunda iştirak edib.

Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun
qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında
çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib,
Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji
təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin,
alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş
nailiyyətlərə də yer verilib.

29 noyabr tarixində münaqişələrlə bağlı mövzuya həsr olunmuş
panel sessiyasında çıxışında nazir müavini münaqişələrin həlli və
dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və
prinsiplərinə hörmət edilməsinin vacibliyinə toxunub. Həmçinin,
ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, cari ilin
avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin
paraflanmasına dair məlumat verən F.Rzayev regionda davamlı sülh və
əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.