
Bakı. Trend:
Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət
olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və
yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol
polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və
Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan
qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər
aparılaraq qanunvericiliyin tələbləri izah olunub.
Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin
konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini
sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol
verən şəxslər müəyyən ediliblər.
Həmçinin, yoxlamalar zamanı nəqliyyat vasitəsini narkotiklərin
təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi
Şöbəsinin əməkdaşları tərəfindən “Ukrayna dairəsi” yaxınlığında
aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə
təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb.
Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi
təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam
etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi
məsuliyyətidir!

