
Bakı. Trend:
Almaniya 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib.
Trend xəbər verir ki, gələn
ilin xərcləri təxminən 524,5 milyard avro olacaq ki, bu da cari
illə müqayisədə 21,5 milyard avro artım deməkdir.
Büdcədə Ukraynaya rekord səviyyədə — 11,5 milyard avro maliyyə
dəstəyi ayrılması planlaşdırılır.
2026-cı ildə müdafiə xərcləri də artırılacaq və təxminən 108
milyard avroya çatacaq. Bu, soyuq müharibənin bitməsindən bəri ən
yüksək rəqəmdir. Ayrılan vəsait əsasən hərbi texnika və sursat
alınmasına yönəldiləcək, onların əhəmiyyətli qismi isə kreditlər
hesabına maliyyələşdiriləcək.
Ukraynaya nəzərdə tutulan 11,5 milyard avro dronların, zirehli
nəqliyyat vasitələrinin, digər silahların tədarükünə və artilleriya
ehtiyatlarının artırılmasına sərf ediləcək. Müdafiə Nazirliyi bunun
indiyədək Almaniya büdcəsində Ukrayna üçün ayrılan ən böyük paket
olduğunu bildirib.
Xərclərin ödənilməsi üçün əsas büdcə çərçivəsində təxminən 98
milyard avro borc götürüləcək. Bu məbləğ silahlı qüvvələr və
infrastruktur üçün xüsusi fondlardan ayrılan kreditlərlə
tamamlanacaq. Nəticədə yeni borcun ümumi məbləğinin 180 milyard
avronu keçəcəyi gözlənilir. Buna baxmayaraq, borcun
məhdudlaşdırılması qaydalarına əməl olunacağı bildirilir. Yazda
qəbul edilən yumşaldıcı qərarlar bunu mümkün edib.


