BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 27-də növbəti ilin 17-22 may tarixlərində Bakıda
keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyasına (WUF13 Forumu) hazırlıq və koordinasiya işləri
çərçivəsində yerləşmə vasitələri nümayəndələri ilə görüş
keçirilib.

Trend xəbər verir ki, bu
barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Görüşdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin idarəetmə heyəti
və Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm
Bürosunun nümayəndələri tərəfindən beynəlxalq forumun təşkilati
məsələlərində ümumi yanaşma və standartlar, qonaqların
yerləşdirilməsi, xidmət standartları və logistika məsələləri, eləcə
də yerləşmə vasitələrinin tədbirə hazırlıq prosesinə vahid
koordinasiya çərçivəsində cəlb olunmasının əhəmiyyəti qeyd edilib.
Azərbaycanda yerləşmə vasitələrinin bu kimi beynəlxalq tədbirlərin
təşkili sahəsində təcrübəsi vurğulanaraq mümkün əməkdaşlıq
imkanları diqqətə çatdırılıb.




Bakı, Sumqayıt və Abşeron üzrə 100-dən artıq yerləşmə
vasitəsinin nümayəndələrinin iştirak etdiyi görüşdə tədbirə
hazırlıqla bağlı müzakirələr aparılıb və müvafiq olaraq sənaye
nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda təşkil
olunacaq WUF13 Forumu sürətli urbanizasiya və onun şəhərlərin
inkişafına təsirinin araşdırılması məqsədilə iki ildən bir
keçirilən qlobal platformadır.