
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik
yubileyi ərəfəsində AzMİU Məzunlar Assosiasiyasının növbəti görüşü
keçirilib. Görüşdə universitet rəhbərliyi, ölkənin qabaqcıl inşaat
və memarlıq şirkətlərinin nümayəndələri, tanınmış mütəxəssislər və
müxtəlif illərin məzunları iştirak ediblər.
Tədbir AzMİU-nun Məzunlar Assosiasiyasının sədri, PMD
Projects-in direktoru, universitetin məzunu Nəriman Topçibaşevin
açılış nitqi ilə başlayıb. O, Assosiasiyanın fəaliyyət
istiqamətləri, görülən işlər və qarşıdakı planlar barədə məlumat
verib. Nəriman Topçibaşev şirkətlər və universitet arasında
əməkdaşlığın bu gün ən prioritet məsələlərdən birinə çevrildiyini
qeyd edib: “Kadr potensialının gücləndirilməsi üçün universitetlə
əməkdaşlıq vacibdir. Qarşıda Assosiasiyanın fondunun yaradılması
planlaşdırılır. Fond vasitəsilə universitetin maddi-texniki
bazasının gücləndirilməsi, qayğıya ehtiyacı olan tələbələrə
təqaüdlərin verilməsi və digər sosial layihələrin icrası mümkün
olacaq”.
AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova məzunların universitet ətrafında birləşməsinin böyük
məmnunluq doğurduğunu vurğulayıb. O qeyd edib ki, AzMİU
istehsalatla əlaqələrin, eləcə də məzunlarla əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir: “Biz məzunlarımızı
universitetin ayrılmaz bir parçası hesab edirik. Beynəlxalq
reytinqlərdə və ali təhsil üzrə dünya standartlarında məzunlarla
əlaqə mühüm inkişaf meyarı kimi təqdim olunur. Bu baxımdan sizinlə
sıx əməkdaşlıq həm tədrisin keyfiyyətinin artırılmasına, həm də
kadr hazırlığında real tələblərin universitetə çatdırılmasına
əhəmiyyətli töhfə verəcək”.
Professor Gülçöhrə Məmmədova, həmçinin Məzunlar Assosiasiyasının
universitetin yataqxana kompleksinin bərpası ilə bağlı
təşəbbüslərini yüksək qiymətləndirib və yataqxananın əsaslı təmir
edilərək tələbələrin istifadəsinə verilməsinin AzMİU üçün prioritet
məsələlərdən biri olduğunu bildirib.
Görüş çərçivəsində universitetin yataqxana kompleksinin bir
binasının mövcud vəziyyəti ilə bağlı video nümayiş etdirilib.
Assosiasiya sədri Nəriman Topçibaşev binanın ilkin baxışdan
keçirildiyini, ölçmələrin aparıldığını və müvafiq qurumlara
müayinələrin həyata keçirilməsi üçün müraciət olunduğunu qeyd
edib.
“Azərdövlətlayihə” DBLİ-nin direktoru Müsəddin Namazov, “MİDA”
MMC-nin direktoru Fərhad Təhməzov, ArchiCO Engineering Company-nin
Müşahidə Şurasının sədri Məhəmməd Musayev, ADSEA-nın Tikilməkdə
olan obyektlərinin baş mühəndisi Babək Məmmədov, Qartal Tikinti
Firmasının direktoru Şahin Məmmədov və digər məzunlar çıxış edərək
mühüm məsələlərə toxunublar.
Onlar çıxışlarında yataqxana binasının müayinələrdən sonra qısa
müddətdə bərpa olunması, tələbələrin ödənişli istehsalat
təcrübələrinə cəlb edilməsi, universitet-istehsalat əlaqələrinin
daha da genişləndirilməsi, mühəndislik və memarlıq sahəsində
ixtisaslaşmanın vacibliyi kimi mövzulara diqqət çəkiblər.
Qeyd olunub ki, inşaat üzrə təhsili olmayan şəxslərin inşaat
mühəndisi və ya memarlıq üzrə təhsili olmayanların memar kimi
fəaliyyət göstərməsi ciddi təhlükələr yarada bilər və bu problemin
aradan qaldırılması üçün universitetlə şirkətlər arasında birgə
çalışma zəruridir.
Görüş zamanı həyata keçirilən layihələrin miqyasının artırılması
məqsədilə Assosiasiyaya yeni üzvlərin qəbulu məsələsinə baxılıb.
Eyni zamanda, yaxın günlərdə keçiriləcək AzMİU-nun 50 illik
yubileyi ilə bağlı hazırlıq işləri və məzunların bu tədbirdə
iştirakı da müzakirə edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında universiteti müxtəlif
illərdə bitirən 250-dən çox məzunun iştirakı ilə AzMİU Məzunlar
Assosiasiyası yaradılmasına qərar verilib. Bu ilin aprel ayında isə
Assosiasiyanın Təsis Yığıncağı keçirilib, Əsasnaməsi təsdiqlənib,
Təftiş Komitəsi və İdarə Heyəti seçilib.
Assosasiya yarandığı gündən universitetlə əməkdaşlığı
genişləndirib, bir sıra layihələr icra olunub, laboratoriyalar və
xüsusi auditoriyalar istifadəyə verilib, tələbələr üçün ödənişli
təcrübə proqramları elan edilib.


