
“TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə müraciət dinamikası ölkədə səhiyyə xidmətlərinə tələbatın artmaqda olduğunu göstərir”.
Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə bildirib.
Onun sözlərinə görə, sözügedən dövrdə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 tibbi xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub:
“Hazırda TƏBİB tərəfindən xidmətlərin əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün bir sıra layihələr həyata keçirilir.
İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional tədbirlər icra olunur. Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi” hazırlanıb.
Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə 7 strateji istiqamət və 36 tədbiri əhatə edir. Bunlardan biri ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir. Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulması, profilaktik və sağlamlaşdırıcı tədbirlərin gücləndirilməsi, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və onların ən yaxın ərazidə həlli məqsədini daşıyır. Artıq pilot olaraq layihənin Bərdə rayonunda icrasına başlanılıb”.
Departament rəhbərinin sözlərinə görə, regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı da diqqət mərkəzindədir:
“Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi” 2030-cu ilə qədər ölkənin müxtəlif bölgələrində nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir. Yol xəritəsi, həmçinin regionlara ixtisaslı kadrların cəlbini və davamlı tibbi təhsil proqramlarının tətbiqini nəzərdə tutur.
Layihə 2015-ci ildə Londonda ÜST və BMT-nin dəstəyi ilə təsis edilən “Qlobal Cərrahiyyə 2030” üzrə Lanset Komissiyasının hədəflərinə uyğun olaraq həyata keçirilir. Komissiyanın əsas məqsədi bütün insanların təhlükəsiz, əlçatan və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir. Artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır. 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox – 90 prosedura – çıxışın təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, 2030-cu ildən etibarən TƏBİB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək cərrahiyyəsi, protezləmə, bariatrik və s.) təşkili mümkün olacaq”

