“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması və
mənalı istirahəti üçün ardıcıl və sistemli tədbirlər davam
etdirilir, müalicə-sağlamlıq mərkəzlərində şərait
yaxşılaşdırılır.

Müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan
Naftalan şəhərində yerləşən AHİK-in “Kurort Naftalan” sağlamlıq
mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib,
müasir avadanlıqlarla təchiz edilib.

AHİK-in və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları sağlamlıq mərkəzində görülən işlərlə tanış olublar.
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad
Musayev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, yerli
icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak
ediblər.

Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq
korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni
avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan
ibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vanna
otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların
xidmətindədir.




Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait
yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib.
Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və
karbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı və
müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxili
yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi
internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin
edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkət
sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir – 4-cü
nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya
xidmətlərini, həmçinin müalicəvi naftalan nefti əsasında həyata
keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə
naftalan vannaları, kombinə edilmiş naftalan müalicə prosedurları,
manual terapiya, parafin terapiyası, su-fizioterapiya
(hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları
daxildir.

Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti,
müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.