
Bakı. Trend:
“AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə
fəlsəfə doktoru Şahbəddin Musayev Bakı Dövlət Universitetinin
Geologiya fakültəsinin professor-müəllim heyəti üçün təqdimatla
çıxış edib.
Bu barədə Trend-ə “AzerGold” QSC-dən məlumat verilib.
“AzerGold” QSC tərəfindən “Müasir innovativ kəşfiyyat
metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda
keçirilən təqdimat dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin
əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından
istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə
salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı
mövzuları əhatə edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq
“AzerGold” tərəfindən icra edilən proqrama əsasən Kiçik Qafqaz sıra
dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən
iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə
etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların
aparılması nəzərdə tutulub.
Çıxış zamanı dövlət şirkəti tərəfindən helikopterlə aparılan
müasir və qeyri-invaziv axtarış metodlarından biri olan
aeroelektromaqnetik tədqiqatlar haqqında bəhs edilib. Qeyri-invaziv
tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə
perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb
edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə
də ekoloji səmərəliliyi vurğulanıb.
Ş.Musayev təqdimatında qeyd edib ki, geoloji tədqiqatların
nəticələri yeni perspektivli sahələrin müəyyən olunmasına, gələcək
hasilat işlərinin isə dövlət tərəfindən təyin ediləcək operatorlar
tərəfindən həyata keçirilməsinə şərait yaradacaq. Geoloq eyni
zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi
ilə bağlı görülən işlərdən də bəhs edib, Şərqi Zəngəzur iqtisadi
rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod
qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə
ətraflı məlumat verib.
Cəmiyyətin 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və
sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik
göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət
layihələri barədə məlumatlar da tədbir iştirakçılarına təqdim
edilib.
Tədbir sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi
ilə davam edib.


