ABŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək

Baş səhifə
ABŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək

ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Maykl Riqas noyabrın 27-dən dekabrın 5-nə qədər Türkiyə, İraq və İsraili ziyarət edəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

Riqas Türkiyədə, Birinci Nikeya Şurasının 1700-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. O, həmçinin ikitərəfli əməkdaşlığın inkişafı üçün Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək və İstanbulda Ümumdünya Patriarxı I Bartholomeos ilə görüşəcək.

İraqda dövlət katibinin müavini iraqlı rəsmilərlə danışıqlar aparacaq, ABŞ-nin diplomatik obyektlərini ziyarət edəcək və Ərbildə yeni Baş Konsulluğun açılışında iştirak edəcək.

İsrailə səfər isə ABŞ-İsrail münasibətlərinin möhkəmləndirilməsinə yönələcək. Bundan əlavə, diplomatik missiyaların fəaliyyətinin təkmilləşdirilməsi yolları və xarici yardımın ABŞ-nin strateji maraqlarının həyata keçirilməsinə töhfə verməsi məsələləri müzakirə olunacaq.