
Bakı. Trend:
Beynəlxalq “8th “WOMEN IN TECH® Global Awards” müsabiqəsinin
qalibləri bilinib. Müsabiqənin son üç ay ərzində aparılan seçim
prosesi nəticəsində 52 ölkədən 65 finalçı müəyyən edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, onların sırasında İsveçrə Azərbaycanlıları
Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin də adı var.
O, Mərkəzi Asiya və Qafqaz üzrə Regional Qalib, eləcə də “Woman in
Web3” nominasiyası üzrə qlobal finalçı elan edilib.
Fransa Senatında senator Marta de Cidracın təşəbbüsü və
təşkilatçılığı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi
keçirilib. Mərasimdə soydaşımıza qalib gəlməsi ilə bağlı sertifikat
təqdim olunub.


