Bakı. Trend:
Avstraliya hökuməti sosial media platformalarına 10 dekabr
tarixindən etibarən 16 yaşdan kiçik istifadəçilərin xidmətlərə
girişini tamamilə bloklamaq üçün “məqbul tədbirlər” tətbiq etməyi
əmr edib.
Trend-in “BBC”yə
istinadən verdiyi məlumata görə, mövcud uşaq hesabları silinməli və
ya deaktiv edilməlidir. Avstraliya bu cür sərt qadağanı tətbiq edən
ilk ölkədir və qərarı əhalinin böyük hissəsi, xüsusən də
valideynlər dəstəkləyir.
Rəsmi qurumlar bildirir ki, sosial şəbəkələr uşaqlar üçün ciddi
təhlükə yaradır: platformalar onları ekrana daha uzun müddət
baxmağa sövq edir və bu, yeniyetmələrin sağlamlığına və emosional
vəziyyətinə mənfi təsir göstərir.
Qeyd edək ki, gələn ildən Malayziya da uşaqların qorunması
məqsədilə oxşar qayda tətbiq etməyi, yəni 16 yaşdan kiçiklərin
sosial mediada qeydiyyatdan keçməsini qadağan etməyi
planlaşdırır.

