TDT QHT-lərinin Həmrəylik Forumu Azərbaycan liderliyinin türk inteqrasiyasına verdiyi töhfəni nümayiş etdirir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət
təşkilatlarının (QHT) Bakıdа keçirilən Həmrəylik Forumunun rəsmi
açılışı türk dünyasında ictimai kommunikasiyanın möhkəmləndirilməsi
baxımından mühüm mərhələdir. Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr
Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti nümayəndəsinin
iştirakı ilə keçirilən tədbiri türk ölkələrinin QHT-ləri üçün ən
geniş dialoq platforması adlandırmaq olar. Forum, TDT-nin fəaliyyət
göstərən sədri qismində Azərbaycan tərəfindən təşkil olunmaqla,
Bakının türk inteqrasiyasının inkişafında artan rolunu nümayiş
etdirir.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“Son illərdə Türk Dövlətləri Təşkilatı keyfiyyətcə yeni
transformasiya mərhələsinə qədəm qoyub. İqtisadiyyat, nəqliyyat,
enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq artıq yeni bir
istiqamət – ictimai diplomatiya ilə tamamlanır. Dövlətlər getdikcə
daha yaxşı anlayırlar ki, dayanıqlı tərəfdaşlıq vətəndaş cəmiyyəti
institutları, ekspert dairələri, mədəni qurumlar və media olmadan
mümkün deyil. Məhz buna görə QHT-lərin Həmrəylik Forumunun təşkili
türk məkanında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində
atılan addımların məntiqli davamıdır. QHT-lər əlaqələrin qurulması,
ictimai anlaşmanın möhkəmləndirilməsi və siyasi dialoqa tamamlayıcı
olan etimad atmosferinin yaradılması baxımından unikal imkanlara
malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin forum
iştirakçılarına ünvanladığı müraciət tədbirin əsas siyasi mesajı
oldu. Bu müraciətdə türk dünyası üçün strateji əhəmiyyət kəsb edən
bir sıra istiqamətlər aydın vurğulandı. Dövlət başçısı qeyd etdi
ki, türk dövlətləri qlobal arenada vahid güc mərkəzinə çevrilir.
Bu, sadəcə bəyanat deyil, real vəziyyətin əksidir. Artan iqtisadi
güc, nəqliyyat dəhlizləri, enerji layihələri və mədəni-humanitar
təşəbbüslər türk dünyasını daha təsirli edir. Prezident İlham
Əliyev daha iddialı məqsədlərin müəyyənləşdirilməsi, əməkdaşlığın
dərinləşdirilməsi, çevik mexanizmlərinin yaradılması və
koordinasiyanın gücləndirilməsi zərurətini ön plana çəkdi. QHT-lər
isə məhz çeviklik, operativlik və cəmiyyətlərin birbaşa ünsiyyət
qurması baxımından bu ehtiyaca cavab verən əsas vasitədir. Həmçinin
dövlət başçısının türk dünyasında yeni yüksəliş dövrünün
başladığını qeyd etməsi xüsusi diqqət çəkdi. Prezident İlham
Əliyevin vurğuladığı kimi, Azərbaycanın Qarabağda qazandığı Zəfər
türk xalqlarının ümumi qələbəsidir. Bu, yalnız siyasi hadisə deyil,
son illər yenidən aktuallaşan tarixi birliyin rəmzidir”, –
A.Qarayev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, yaxın vaxtlarda açılması
gözlənilən və Avrasiyanın kommunikasiya xəritəsini dəyişdirmək
potensialına malik Zəngəzur dəhlizi də türk dünyasının
birləşməsində mühüm rol oynayacaq.

“Bu strateji layihəyə həsr olunmuş panel müzakirəsi, dəhlizin
həm QHT-lər, həm də dövlət strukturları üçün əhəmiyyətini bir daha
nümayiş etdirir. Dəhlizin açılması türk məkanını birbaşa quru
yoluyla birləşdirəcək, ticarət-iqtisadi əməkdaşlığı gücləndirəcək,
humanitar və mədəni layihələr üçün yeni imkanlar yaradacaq,
regional QHT-lərin yalnız konfranslar çərçivəsində deyil, praktik
müstəvidə əməkdaşlığını mümkün edəcək. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, Zəngəzur dəhlizi və Qarabağla Şərqi Zəngəzurun
genişmiqyaslı bərpası türk dövlətləri arasında əməkdaşlığın yeni
mərhələsinin təməli ola bilər. Forumun iki əsas panel sessiyası –
Zəngəzur dəhlizi haqqında müzakirə və Azərbaycan ilə Qazaxıstan
QHT-lərinin əməkdaşlığına dair sessiya – TDT-nin strateji xəttini
əks etdirir: ikitərəfli formatların dərinləşməsi və onların
tədricən vahid regional sistemə inteqrasiyası. Prezident İlham
Əliyevin TDT ölkələrinin QHT-ləri üçün mədəniyyət, ekoloji siyasət,
tarix, iqlim və digər sahələr üzrə birgə qrant müsabiqələrinin
elanına dair bəyanatı isə, əslində, müzakirələrdən real ortak
layihələr mərhələsinə keçidin anonsudur. Bu cür dəstək təşkilatlar
arasında uzunmüddətli əlaqələri formalaşdırır, ümumi fəaliyyət
standartları yaradır və yeni təşəbbüsləri stimullaşdırır. Dövlət
başçısı İlham Əliyevin müraciətində BMT və digər beynəlxalq
təşkilatlar çərçivəsində türk ölkələrinin QHT-lərinin birgə
fəaliyyətinin vacibliyi də vurğulandı. Bu, türk dünyasının qlobal
arenada öz səsini formalaşdırmasına imkan yaradır. Qlobal
çağırışların – iqlim böhranlarından humanitar problemlərə qədər –
fonunda koordinasiyalı mövqe ciddi üstünlük təmin edə bilər”, – o
bildirib.

Politoloq qeyd edib ki, QHT-lər üçün vahid platformaların
gücləndirilməsi beynəlxalq təsir imkanlarının artmasına, ortaq
maraqların müdafiəsinə, türk gündəliyinin qlobal institutlarda
təşviqinə və əsas məsələlərdə konsolidasiyanın təmin olunmasına
xidmət edir.

“Türk dövlətlərinin QHT Həmrəylik Forumu təkcə növbəti tədbir
deyil. Bu, türk inteqrasiyasının yeni mərhələsidir və burada insan
əlaqələrinin rolu daha da artır. Prezident İlham Əliyevin müraciəti
strateji istiqaməti müəyyənləşdirir: ictimai diplomatiyanın
möhkəmləndirilməsindən tutmuş türk dövlətləri üçün vahid ictimai
məkanın formalaşdırılmasına qədər. Forum günlərində qurulan
əməkdaşlıq türk dünyasında həm bu gün, həm də uzunmüddətli
perspektivdə həmrəylik, birlik və çoxşaxəli münasibətlərin
gücləndirilməsinə mühüm töhfə verəcək”, – A.Qarayev əlavə edib.