ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Baş səhifə
ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

“Report” ADY-yə istinadən xəbər verir ki, müzakirələr Bakıda səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşdə aparılıb.

Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır.

Astara Terminalının layihələndirmə işlərinin 94 %-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82 %-i yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.