Gürcüstan QDİƏT PA-nın sədri seçilib

Baş səhifə
Gürcüstan QDİƏT PA-nın sədri seçilib

Gürcüstan altı aylıq müddətə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının sədri olub. Parlamentin sədri Şalva Papuaşvili isə Assambleyanın prezidenti vəzifəsinə təyin edilib.

Gürcüstan parlamentinin məlumatına görə, sədrlik çərçivəsində ölkə Orta Dəhlizin inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi və regional əlaqələrin təşviqi istiqamətində fəaliyyət göstərəcək.

Sədrliyin təhvil verilməsi hazırda Bolqarıstanın paytaxtı Sofiyada davam edən QDİƏT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində baş tutub. Sessiyada Şalva Papuaşvilinin başçılıq etdiyi Gürcüstan parlamenti nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinə İqtisadi siyasət komitəsinin sədrinin birinci müavini, QDİƏT Parlament Assambleyasında Gürcüstan Parlamentinin Daimi Nümayəndəliyinin rəhbəri İrakli Mezurnişvili və Parlamentin İnsan Hüquqları Komitəsinin sədrinin birinci müavini Aluda Quduşauri daxildir.