
Bakı. Trend
Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycan
Respublikasının Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Buxarestdə işgüzar səfərdədir.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Rumıniyadakı
səfirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti
Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad
olunub, büstün önünə əklil və güllər düzülüb.
Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək,
səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr
arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi
perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ
Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə
olunub.

