
Bakı.Trend:
Postmünaqişə dövrünün artıq beş ili geridə qalır. Bu beş il
Azərbaycan xalqının iradəsinin, sarsılmaz həmrəyliyinin və tarix
qarşısında qazandığı ədalətli qələbənin davamı kimi xatırlanır.
Azərbaycan bu müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpası,
yenidən qurulması və bölgənin dayanıqlı inkişafının təmin olunması
istiqamətində genişmiqyaslı işlər həyata keçirib. Bu beşillik,
təkcə dağıntıların aradan qaldırılması deyil, həm də regionun
gələcək onilliklər üçün sosial, iqtisadi və ekoloji baxımdan modern
bir məkana çevrilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin
əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib ki, postmünaqişə
dövrünün 5 illiyinə baxanda Azərbaycanın öz strateji müdafiə
qabiliyyətlərini hansı formada gücləndirdiyini bir daha müşahidə
etmiş oluruq.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ayrılan
investisiyalar, o cümlədən həmin regionlarda hərbi təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi bir sıra məqamlardan xəbər verir.
Azərbaycan həmin regionu təkcə işğaldan azad edilmiş zona kimi
diqqətdə saxlamır, eyni zamanda orada dayanıqlı sülhün və
təhlükəsizliyin təmin olunmasına çalışır. Bunun üçün də ən vacib
faktorlardan biri həmin regionlarda insan resurslarının
olmasıdır”.
Siyasi təhlilçi bildirib ki, Azərbaycan “Böyük Qayıdış” proqramı
çərçivəsində bir sıra layihələr həyata keçirir və məcburi
köçkünlərin geri qayıdışını təmin edən fəal siyasət yürüdür.
“Bundan sonrakı hadisələr həmin regionda insan resurslu
dayanıqlılığın təmin olunması üçün əlavə aktiv səylər tələb edəcək.
Azərbaycan bunun da parametrlərini işləyib hazırlayacaq. Digər
tərəfdən isə zəfərin qəbul edilməsi yönündə çox ciddi addımlar
atılıb. Azərbaycanda fəaliyyət göstərən bir çox diplomatik
nümayəndəliklərin rəsmiləri işğaldan azad olunan regionlara səfər
edirlər. Müxtəlif ölkələrin dövlət başçılarının həmin ərazilərə
səfərləri baş tutur. Bütün bunlar Azərbaycanın reallığı
qəbuletdirmə mexanizmlərinin çox əhəmiyyətli məsafə qət etdiyini
göstərir”.
O bildirib ki, Azərbaycan ordu quruculuğuna da diqqət
yetirir.
“Bununla da Azərbaycan öz çəkindirmə gücünü, çəkindirmə
vasitələrini artırmış olur ki, gələcəkdə Azərbaycana qarşı hər
hansı bir revanş cəhdi baş tutmasın”,- deyə A.Kərimov əlavə
edib.
İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan 44
günlük müharibə zamanı dünya ölkələrini necə heyrətləndirmişdisə,
işğaldan azad etdiyi ərazilərdə də postmünaqişə dövründə eyni
heyrəti yaşatdı.
O vurğulayıb ki, son 50 il ərzində heç bir regionda Azərbaycanın
5 il ərzində yenidənqurma və bərpa istiqamətində əldə etdiyi
performans müşahidə edilməyib.
“5 il ərzində işğaldan azad edilən bölgələrə 22 milyon vəsait
xərclənib. Yəni, həm siyasi arenada paralel olaraq gedən mübarizə –
dönməz siyasət, davamlı uğur, iqtisadi arenada güzəştlərin tətbiqi,
sahibkarlıq fəaliyyətinin yaradılması, iqtisadi inteqrasiyanın
təmin olunması, əhalinin ora köçürülməsi, minatəmizləmə işləri,
yol, enerji və digər infrastrukturun yaradılması, həmçinin bütün
bunlara paralel olaraq Ermənistanı sülhə gətirmək, beynəlxalq aləmi
özünün tam haqlı olduğuna inandırmaq – bütün bunlar Azərbaycan
dövlətinin 5 il ərzində gördüyü uğurun sadəcə bir cümlədə
ifadəsidir.


