
ABŞ dövlət Katibi Marko Rubio Cenevrədə Ukrayna-Amerika danışıqlarının nəticələri ilə bağlı ikinci brifinqində ABŞ-nin təklif etdiyi sülh planına əsasən kompromis razılaşmasının əldə edilə biləcəyinə inandığını bildirib.
“Report”un məlumatına görə, bu barədə “Sky News” xəbər verib.
Rubio brifinqi tək keçirib və əhəmiyyətli irəliləyişlərin əldə edildiyini qeyd edib. “Mən çox nikbinəm ki, burada nəsə edə bilərik, çünki böyük irəliləyiş əldə etmişik”, – o bildirib.
Eyni zamanda, dövlət katibi danışıqları başa çatdırmağın hələ tez olduğunu vurğulayıb: “Hələ görüləsi işlər var, amma bu gün səhər və bir həftə əvvəlkindən daha irəlidəyik”.
O əlavə edib: “Sadəcə bugünküdən daha çox vaxta ehtiyacımız var. Həqiqətən inanıram ki, ora çatacağıq”.
Rubio həmçinin qeyd edib ki, bəzi mübahisəli məsələlər sənədin semantikası və ya dili ilə bağlıdır, digər məsələlər isə ən yüksək səviyyədə qərarlar və məsləhətləşmələr tələb edir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp əvvəlki tənqidlərə baxmayaraq, hazırda Ukraynadan olduqca məmnundur. Dövlət katibi aydınlıq gətirib ki, Trampın gələn cümə axşamı günü verdiyi son tarixə əməl olunmayacaq, lakin tezliklə razılaşma əldə ediləcəyinə ümid edir.
Avropanın əks təklifləri barədə soruşulduqda, Rubio heç bir əks-plan görmədiyini deyib.

