Goranboyda binada iki mənzilin döşəməsi çöküb, 4 nəfər xəsarət alıb – YENİLƏNİB-2 – VİDEO

Baş səhifə

Xəbərə video əlavə edilib.

***

saat 10.30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

saat 09.36

Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.
APA nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

saat 09.14

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

APA xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O, bina sakinlərinin təxliyə edildiyini də deyib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.