Bakı. Trend:
Almaniya Baltik dənizini mümkün təxribatlardan qorumaq məqsədilə
yeni nəsil yüksək texnologiyalı “Greyshark” dronlarını
yerləşdirməyə hazırlaşır.
Trend-in “Bild”ə
istinadən verdiyi məlumata görə, Almaniyada istehsal olunan bu
dronlar bir sıra vacib funksiyaları yerinə yetirəcək.
Məlumata əsasən, “Greyshark” dronları:
– dənizdə patrul xidməti həyata keçirərək kritik infrastrukturu
qoruyacaq;
– düşmənə məxsus kəşfiyyat aparatlarını aşkar edəcək;
– ətraf sularda müşahidə aparacaq.
Nəşr bildirir ki, dronun mini sualtı qayığı xatırladan quruluşu
var və o, artıq dəniz sınaqlarından uğurla keçib.
Hidrogenlə işləyən dron həftələrlə yanacaq doldurmadan fəaliyyət
göstərə bilir. Model müxtəlif variantlarda təqdim olunur. Məsələn,
“Foxtrot” versiyası dörd aya qədər fasiləsiz işləyə və 10.000 dəniz
milinə qədər məsafə qət edə bilər.
Dron 17 yüksək texnologiyalı sensorla təchiz edilib. Süni
intellekt əsaslı proqram təminatı məlumatları real vaxtda emal
edərək potensial düşmən hədəflərini müəyyənləşdirir.
Bu dronların seriyalı istehsalına gələn ilin əvvəlində
başlanması mümkündür. İstehsalçı şirkət dronlara artıq sifarişlərin
daxil olduğunu bildirib.

