Hotelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib – Baş Prokurorluq

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın
Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake
Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci
il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və
2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik
cərəyanı vurması nəticəsində həlak olublar.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanıb.

Baş Prokuruluqdan Trend-ə verilən məlumata görə, cinayət işi
üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə
yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb,
çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə
ekspertizalar təyin olunub.

Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev
tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində
planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı
ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının
ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair
Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki
təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı
şübhələr müəyyən edilib.

Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon
prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.




Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi
ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə
nəzərdə tutulan ittiham elan olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş
vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək
məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və
əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.