Bakı.Trend:
Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri
Q.Elyasov Azərbaycan Respublikasının “Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının
tamhüqüqlu iştirakı haqqında” qərarı münasibətilə Baş nazir Əli
Əsədova məktub ünvanlayıb.
Trend xəbər
verir ki, bu barədə Nazirlər kabineti məlumat yayıb.
Məktubda deyilir ki, sizi Mərkəzi Asiya Dövlət Başçılarının
Yeddinci Məşvərət Görüşünün “Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüqüqlu iştirakı
haqqında” qərarı münasibətilə səmimi qəlbdən təbrik edirəm:
“Bu, şübhəsiz ki, tarixi miqyaslı bir hadisədir. O, Mərkəzi
Asiyanın və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana
çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin
qardaşlıq, mehriban qonşuluq, bərabərlik və əməkdaşlığa əsaslanan
güclü birliyini, tarixi taleyimizin ayrılmaz və bölünməz olduğunu
mütləq şəkildə anlamasını qeyd edir.
Bildiyiniz kimi, bu ilin avqust ayında Avaza Milli Turizm
Zonasında keçirilən Dənizə Çıxışı olmayan İnkişaf Etməkdə olan
Ölkələr üzrə Üçüncü BMT Konfransı zamanı Türkmənistanın təklifi ilə
Mərkəzi Asiya Dövlət Başçılarının fövqəladə Məşvərət Görüşü təşkil
edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət
Görüşlərinə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu
formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini daha da
gücləndirməsini və qardaş xalqlar ailəsinə hərtərəfli
inteqrasiyasını təklif etdi”.
“Əminəm ki, qardaş Azərbaycanın siyasi nüfuzu, nəhəng resurs,
sənayə və texnoloji potensialı, mədəni humanitar sahələrdəki
nailiyyətləri nəzərə alınmaqla, Azərbaycanın Məşvərət Görüşlərinə
qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında
müəyyənedici elementə, regional və beynəlxalq inkişafdakı müasir
tendensiyalarda fəal iştiraka stimul verəcək, qlobal koordinat
sistemində layiqli rolunu və yerini dərk edən və məqsədlərinə birgə
çatmağa hazır olan məsuliyyətli, birləşmiş tərəfdaşlar kimi Mərkəzi
Asiya dövlətlərinin və Azərbaycanın qlobal səhnədə rolunun və
çəkisinin artmasına səbəb olacaq.
Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli
fəaliyyətinizdə uğurlar arzulayıram”, – məktibda vurğulanıb.

