
Bakı.Trend:
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov
Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə
görüşüb.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq
münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın
əhəmiyyəti vurğulanıb.
Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın
genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə
yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında
praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib.
Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə
sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Görüşdə məhkəmə qərarlarının icrası və xüsusi icra institutunun
tətbiqi, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma və
süni intellektin tətbiqi, vətəndaş yönümlü rəqəmsal həllərdən
istifadə, məhkəmə ekspertizası sahələrində qarşılıqlı təcrübə
mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.
Bununla yanaşı, əməkdaşlığın institusional əsaslarını
möhkəmləndirmək məqsədilə Qazaxıstandan olan hakimlərin Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədrisi
imkanları planlaşdırılıb.

