Gələn il işsizlikdən sığorta fondunun xərcləri 266,4 milyon manata çatacaq

Baş səhifə

Bakı. Trend:

İşsizlikdən sığorta fondunun xərcləri gələn il 5,7 milyon manat
artaraq 266,4 milyon manata çatacaq.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Qeyd olunub ki, növbəti ildə 450 minə yaxın şəxs aktiv məşğulluq
tədbirlərinə cəlb olunacaq

Gələn il fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat
(15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə
tutulur.

İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat
(2,2 faiz) çox olmaqla 266,4 milyon manat olacağı
proqnozlaşdırılır.

Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin

– özünüməşğulluq proqramının icrası,

– peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə
təhsilin təşkili,




– peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi,

– peşə standartlarının hazırlanması,

– sosial iş yerlərində əməkhaqqının bir hissəsinin
maliyyələşdirilməsi,

– sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata
keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi
nəzərdə tutulur.

Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə 450 minə yaxın
şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri
aparılacaq.

İşsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan
yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam
etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq.

Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik
təsərrüfatların qurulması nəzərdə tutulur.

Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün
Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq.