
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində
Astanaya rəsmi səfər edəcək. Danışıqlar zamanı tərəflər iqtisadi
əməkdaşlıq məsələlərini və qarşılıqlı fəaliyyətin strateji
istiqamətlərini müzakirə edəcəklər. Bu səfər İrəvan üçün resurs
tədarükünü möhkəmləndirmək və region üzrə yeni nəqliyyat
marşrutlarını müzakirə etmək baxımından mühüm fürsət sayılır.
Bu gün Ermənistan faktiki olaraq tamamilə idxaldan asılı
vəziyyətdədir. Tədarüklərin əsas hissəsi ölkənin ən böyük ticarət
tərəfdaşı olan Rusiyadan gəlir. 2025-ci ilin ilk səkkiz ayında iki
ölkə arasında ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar təşkil
edib ki, bu da həmin dövrdə Ermənistanın ümumi xarici ticarət
dövriyyəsinin (cəmi təxminən 13 milyard dollar) üçdə birinə yaxın
idi. Bu məbləğin yarıdan çoxu – 2,7 milyard dollardan artıq hissəsi
əsas məhsulların, sənaye avadanlıqlarının və texnikanın idxalının
payına düşür. Müqayisə üçün, eyni dövrdə Aİ ilə ticarət təxminən
1,3 milyard dollar, Çinlə isə 900 milyon dollardan az olub.
Ermənistan üçün xüsusilə maşın və avadanlıqlar, nəqliyyat
vasitələri, ərzaq məhsulları və kimya sənayesi məhsullarının
tədarükü həyati əhəmiyyət daşıyır. Bütün bunlar ölkə
iqtisadiyyatının işləməsi və insanların gündəlik həyatı üçün
vacibdir və bu kimi məhsulların böyük qismi hələ də Rusiyadan
gətirilir. Bu asılılıq səbəbindən ölkə xarici təlatümlərə qarşı
həssas olur, gecikmələr və əlavə xərclər riski artır, bazardakı
dəyişikliklərə çevik reaksiya vermək imkanları isə məhdud
qalır.
Belə şəraitdə Qazaxıstandan birbaşa tədarüklər Ermənistan üçün
strateji seçimə çevrilir. Bu marşrut çatdırılma müddətini
qısaldacaq, xərcləri azaldacaq və üçüncü ölkələr üzərindən
tranzitlə bağlı riskləri minimuma endirəcək. Qazaxıstandan gələn
taxıl, sənaye məhsulları və enerji resursları etibarlı alternativ
kimi çıxış edərək ölkəyə sabitlik və iqtisadi təhlükəsizlik təmin
edə bilər.
Artıq bu gün, Azərbaycan sayəsində, İrəvan Qazaxıstan buğdasını
qəbul edir. Bakı tranzitin təşkili işində əsas halqa rolunu
oynayaraq yüklərin öz nəqliyyat şəbəkəsi vasitəsilə keçməsinə imkan
yaradıb. Prezident İlham Əliyev 21 oktyabr tarixində Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat üçün bəyanatında
qeyd edib ki, Azərbaycan işğal dövründən qalan bütün
məhdudiyyətləri Ermənistan istiqamətinə tranzit üzrə aradan
qaldırıb.
“Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında
sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun
yaxşı göstəricisidir”-, deyə dövlət başçısı bildirib.
Rusiya, Azərbaycan və Gürcüstan üzərindən keçən Qazaxıstan
buğdası ilə dolu ilk qatar artıq İrəvana çatıb. Milli taxıl
operatoru “Prodkorporasiya” bildirib ki, ümumi həcmi təxminən 1 000
ton olan 15 vaqonluq qatar, artıq yeni marşrutu uğurla sınaqdan
keçirib. Gələcəkdə Azərbaycan müntəzəm tədarüklər üçün etibarlı
nəqliyyat dəhlizinə çevriləcək: aylıq taxıl həcmləri 15–20 min tona
çata bilər.
Bununla belə, daşımalar heç də asan deyil: yük bir neçə ölkədən
keçdiyi üçün nəqliyyatın maya dəyəri artır və gecikmə riski
yaranır. Hazırda yük Qazaxıstandan Azərbaycan vasitəsilə, sonra
dəmir yolu ilə Gürcüstana, daha sonra isə Ermənistan sərhədində
əlavə gömrük nəzarətindən keçərək çatdırılır. Bu, taxıl kimi
strateji məhsullar üçün xərcləri artıran amilə çevrilir.
Ermənistan üçün daha sürətli və birbaşa marşrutun olması
vacibdir və burada TRIPP (The Trump Route for International Peace
and Prosperity) layihəsi köməyə gəlir. Bu nəqliyyat dəhlizi Orta
Dəhlizin bir hissəsinə çevrilərək Çini və Mərkəzi Asiyanı Avropa
ilə birləşdirəcək, daşımaların həcmini iki dəfə artıracaq, əlavə
olaraq Türkiyəyə və Aralıq dənizinə çıxışı təmin edəcək.
Regionda Bakının nəqliyyat və iqtisadi əlaqələr üçün nə qədər
mühüm rol oynadığı çoxdan qəbul edilib. Azərbaycanın Mərkəzi Asiya
ölkələrinin məsləhətləşmə görüşlərinə tamhüquqlu iştirakçı kimi
qoşulması da bunun çoxsaylı təsdiqlərindən biridir. Bu gün Bakı
əsas logistika qovşağı kimi çıxış edir: limanlar, dəmir yolları,
hava limanları və Xəzər dənizindəki donanma Şərqdən Qərbə və əks
istiqamətdə böyük həcmdə yüklərin daşınmasına şərait yaradır.
TRIPP layihəsinin gerçəkləşməsi yalnız İrəvanla Bakı arasında
sülh sazişinin mövcudluğu halında mümkün ola bilər – yalnız bu
halda Ermənistan beynəlxalq infrastrukturdan istifadə imkanı və
iqtisadi faydalar əldə edəcək. Bu istiqamətdə artıq Ermənistan
tərəfdən müsbət siqnallar gəlir: Paşinyan 2026-cı ilin
ortalarınadək layihənin hüquqi bazasının razılaşdırılmasının başa
çatdırılmasının, ilin sonunadək isə dəmir yolunun, daha sonra isə
marşrut boyunca elektrik ötürücü xətləri və qaz kəmərlərinin
tikintisinə başlanmasının planlaşdırıldığını bildirib.
Beləcə, Paşinyanın Astanaya səfəri bir neçə strateji məqsəd
daşıyır: Qazaxıstanla iqtisadi əməkdaşlığın gücləndirilməsi, ərzaq
və sənaye məhsullarının tədarükünün genişləndirilməsi,
infrastruktur layihələrinin gerçəkləşdirilməsinə dəstək, eləcə də
qonşu ölkələrlə münasibətlərin praktik olaraq yaxşılaşdırılmasına
hazırlığın nümayiş etdirilməsi.
Lakin əsas nəticə açıq-aydındır: Azərbaycan olmadan bu planların
heç birinin uğur qazanması mümkün deyil. Regionda istənilən böyük
tranzit layihəsi, o cümlədən TRIPP, Bakının iştirakı olmadan həyata
keçirilə bilməz, çünki strateji marşrutlar və infrastruktur məhz
Azərbaycanın nəzarətindədir. Azərbaycan artıq bütün imkanları
yaradıb, lakin qarşılıq olaraq sülh sazişinin imzalanmasını və
təhlükəsizlik zəmanətlərini tələb edir.
Belə güman etmək olar ki, İrəvan konstruktiv davranmağa hazır
olduğunu göstərir, beynəlxalq ictimaiyyətə müsbət siqnallar
göndərir və praktiki əməkdaşlığı müzakirə etməyə açıqdır. Paşinyan
Qazaxıstan və digər tərəfdaşlarla danışıqlar apara, yeni marşrutlar
və investisiyaları müzakirə edə bilər, lakin Bakı olmadan bütün bu
təşəbbüslər kağız üzərində qalacaq. Azərbaycanın iştirakı olmadan
nə marşrut gerçəkləşəcək, nə tədarüklər optimallaşdırılacaq, nə də
hansısa infrastruktur layihəsi real icra mərhələsinə keçəcək.
Başqa sözlə, Paşinyanın Astana səfərinin uğuru birbaşa
İrəvan–Bakı xəttində əldə olunacaq irəliləyişdən asılıdır:
Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistan üçün, Qazaxıstana
səfər nə qədər strateji əhəmiyyət daşayır daşısın, növbəti addımlar
ancaq bəyanat səviyyəsində qalacaq.


