Aİ Azərbaycanla münasibətlərin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazırdır – Səfir

Baş səhifə

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
noyabrın 17-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri
Mariyana Kuyundziçlə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfiri ölkəmizdə
diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən sədr ona
Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi
istiqamətindəki işlərində uğurlar arzulayıb.

Vurğulanıb ki, görüş zamanı Komitə sədri Azərbaycanda
multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad
azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı
istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı
məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə
görülən işlər ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin
yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların
hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin
qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir. Ramin
Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək
olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini
vurğulayıb.

Ölkəmiz barədə xoş təəssüratlarını bölüşən səfir Mariyana
Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın
canlı şahidi olduğunu qeyd edib. Dünyada qlobal təhlükəsizlik
probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin
dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi
önəm kəsb etdiyini deyib. Azərbaycanda dini icmalarla əməkdaşlıq və
qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd
edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək
layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Söhbət zamanı, eyni zamanda dini sahədə əməkdaşlıq imkanları ilə
bağlı fikir mübadiləsi aparılıb.