Xarici ölkədə ev almaq istəyənlərin nəzərinə

Baş səhifə

Xaricdə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları üçün son illər maraq xeyli artıb. Bəs maraqlıdır, başqa ölkədə ev alan şəxs bu əmlakı Azərbaycanda bəyan etməlidir? Ümumiyyətlə, bu proses hansı mərhələlərdən ibarətdir?

Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, xarici ölkədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşı bu prosesi yalnız həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirir. Bununla bağlı Azərbaycanda hər hansı bəyanat verməyə və ya bildiriş etməyə məcburiyyət yoxdur:

“Vətəndaşlar xaricdə əmlakı müxtəlif məqsədlərlə alırlar. Bəziləri həmin ölkədə oturma icazəsi və ya daimi yaşamaq hüququ əldə etmək üçün belə investisiya edir. Bir çox ölkələrdə müəyyən məbləğdə daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq və ya uzunmüddətli oturum təqdim olunur. Hazırda azərbaycanlıların böyük bir qismi, xüsusilə də qeyri-yaşayış obyektlərinə, sırf investisiya məqsədilə sərmayə yatırır. Statistikaya görə, hər il azərbaycanlılar yalnız Türkiyədə mindən çox daşınmaz əmlak alır. Rusiyada isə böyük azərbaycanlı icması yaşayır və onların əhəmiyyətli hissəsi ikiqat – həm Rusiya, həm də Azərbaycan vətəndaşlığına malikdir. Onlar Rusiyada əmlakı əsasən rus pasportu ilə aldıqları üçün bu barədə Azərbaycana məlumat ötürülmür. Lakin Türkiyədə əmlak alan Azərbaycan vətəndaşları barədə məlumatlar həmin ölkənin rəsmi qurumları tərəfindən mütəmadi olaraq paylaşılır”.

E.Fərzəliyev qeyd edib ki, Azərbaycanda il ərzində bir neçə dəfə müxtəlif ölkələrin daşınmaz əmlak sərgiləri keçirilir. Bu sərgilərdə xarici tikinti və rieltor şirkətləri yerli investorları öz ölkələrinə dəvət edir və onlara əmlak təklif edirlər:

“Bu gün Avropa, Rusiya, Türkiyə və digər ölkələrdə daşınmaz əmlak alan kifayət qədər azərbaycanlı var. Onların əsas məqsədlərindən biri həmin ölkələrdə vizasız giriş-çıxış və uzunmüddətli yaşamaq imkanını təmin etməkdir. Eyni qayda Azərbaycanda da tətbiq olunur. Belə ki, ölkəmizdə daimi yaşama icazəsi əldə etmək istəyən əcnəbilər dəyəri 100 min manatdan yuxarı daşınmaz əmlak almalıdırlar. Bu əmlak beş il ərzində hər il yenidən qiymətləndirilir və qiymətləndirmə sənədləri, çıxarış və digər zəruri sənədlər Miqrasiya İdarəsinə təqdim olunur. Bu tələblərə əməl edən əcnəbilər Azərbaycanda problemsiz şəkildə yaşamaq hüququ əldə edirlər. Həmçinin dünyanın bir çox ölkələrində də oxşar qanunvericilik mövcuddur – vizasız və ya icazəsiz yaşamaq hüququ əldə etmək üçün həmin ölkədə daşınmaz əmlaka sərmayə yatırılması tələb olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.