Azərbaycan–Özbəkistan müttəfiqliyi yeni zirvədə

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə həm regional
geosiyasətə, həm də Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin
gələcək perspektivlərinə dair mühüm mesajlar ehtiva edir.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

O qeyd edib ki, müsahibənin əsas xətti Azərbaycan ilə Mərkəzi
Asiya ölkələrinin, xüsusilə də Özbəkistanın strateji
tərəfdaşlığının yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

“Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət görüşündə artıq üçüncü dəfə iştirakı Azərbaycanın bu
regionla münasibətləri ardıcıl şəkildə dərinləşdirmək niyyətinin
göstəricisidir.

Dövlət başçısının açıqlamaları bir daha sübut edir ki,
Azərbaycan Mərkəzi Asiya ölkələrini vahid tarixi-mədəni və
geosiyasi məkanın bir parçası kimi görür, Xəzər dənizi iki region
arasında ayırıcı yox, birləşdirici qüvvə kimi qiymətləndirilir.
Mərkəzi Asiya ilə əlaqələr artıq strateji tərəfdaşlıq və
müttəfiqlik səviyyəsinə yüksəlib. Orta Dəhliz bu əməkdaşlığın əsas
dayağı və gələcək inkişaf xətti kimi formalaşır”, – o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın regionla əməkdaşlığa
yalnız ikitərəfli münasibətlər deyil, regional geosiyasi blok
çərçivəsində yanaşdığını göstərir.

“Müsahibədə ən güclü mesajlardan biri Prezident İlham Əliyevin
Azərbaycan–Özbəkistan əlaqələrini ən yüksək – müttəfiqlik
səviyyəsində” qiymətləndirməsidir. Son illərdə Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana beş dəfə səfər etməsi
isə bu münasibətlərin intensivliyinin unikallığını təsdiqləyir.

Özbəkistan Azərbaycanın qardaş ölkəsi və etibarlı müttəfiqidir
Müttəfiqlik Müqaviləsi və 2025–2029-cu illər Yol Xəritəsi iki
ölkəni institusional müstəvidə daha da yaxınlaşdırır. Ali
Dövlətlərarası Şuranın təsisi münasibətlərin uzunmüddətli
planlaşdırılmasına imkan yaradır”, – o bildirib.

A. Qarayev qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətləri
sadəcə diplomatik xarakter daşımır, geoiqtisadi, enerji, logistika
və mədəni sahələri əhatə edən geniş spektrli müttəfiqlik modelinə
çevrilib.

“Prezident İlham Əliyevin açıqlamalarında bir neçə əsas strateji
xətt xüsusi seçilir.
Azərbaycan Mərkəzi Asiya inteqrasiyasının fəal və ayrılmaz
iştirakçısıdır.
Özbəkistan ilə münasibətlər regionda nümunəvi əməkdaşlıq modeli
hesab olunur.
Xəzər hövzəsi yeni geosiyasi əməkdaşlıq mərkəzinə çevrilir.
Orta Dəhliz Azərbaycan–Mərkəzi Asiya xəttinin əsas iqtisadi
arteriyasıdır”, – o bildirib.

Politoloq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı
yalnız ikitərəfli səviyyədə deyil, vahid region strategiyası
çərçivəsində həyata keçirir.

“Azərbaycan bu regionla əlaqələrdə yumşaq gücdən, tarixi-mədəni
yaxınlıqdan, nəqliyyat, enerji və iqtisadi layihələrdən
vahid geosiyasi xətt kimi istifadə edir. Azərbaycan–Özbəkistan
tandemi Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin
lokomotivinə çevrilməkdədir. Bu tandem Türk dünyasının siyasi və
iqtisadi xəritəsində yeni güc mərkəzinin formalaşmasına töhfə
verir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın Mərkəzi Asiya
ilə münasibətlərinin hazırda ən yüksək səviyyədə olduğunu açıq
şəkildə nümayiş etdirir. Azərbaycan bu regionla siyasi, iqtisadi,
logistika, enerji və rəqəmsal sahələrdə geniş və çoxşaxəli
əməkdaşlıq həyata keçirərək müasir türk dünyası inteqrasiyasının
aparıcı qüvvələrindən birinə çevrilib”, – A. Qarayev əlavə
edib.