
Bakı. Trend:
BMT-nin mandatı ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı
(IRU) tərəfindən idarə olunan qlobal TIR sistemi tranzit vaxtını 92
faizə qədər, xərcləri isə 50 faizə qədər azaldır.
Trend IRU-ya
(Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı) istinadən xəbər verir
ki, bunu İRU baş katibi Umberto de Pretto bu həftə Daşkənddə
keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) yüksəksəviyyəli
dialoqunda bildirib.
Onun sözlərinə görə, belə tədbirlərin həyata keçirilməsini
təşviq etmək üçün IRU Orta Dəhliz ölkələri ilə üç prinsip əsasında
əməkdaşlıq edir:
- sadələşdirmə: hökumətlər mövcud qayda və normativləri
nəzərdən keçirməli və optimallaşdırmalı, lazımsız inzibati
yüklülüyü aradan qaldırmalıdır; - rəqəmsallaşdırma: nəqliyyat sənədləri məlumat
mübadiləsi həlləri ilə əvəz olunmalıdır ki, bu da prosesləri
sürətləndirir, şəffaflığı artırır və tələb olunan sənədlərin
sayını, həmçinin onların saxlanması xərclərini azaldır; - harmonizasiya: sərhədlərarası kommersiya avtomobil
daşımalarına təsir edən normalar əməkdaşlıq çərçivəsində
standartlaşdırılmalı, mövcud BMT nəqliyyat konvensiyaları
ratifikasiya edilməli və tam şəkildə tətbiq olunmalıdır.
“Özbəkistan TIR sisteminin fəal istifadəçisidir. MDV
kitabçalarının verilməsi üzrə ölkə sayca birinci olmaqla,
Özbəkistan şərq-qərb və şimal-cənub dəhlizlərinin vacib bağlayıcı
halqasına çevrilib. TIR və avtomobil nəqliyyatı onu dənizə çıxışı
olmayan ölkədən əlaqəli ticarət mərkəzinə çevirib”, – deyə baş
katib bildirib.


