Təhsildə keyfiyyət istəyiriksə, müəllimlərə daha yüksək tələblər qoymalıyıq – Nazir

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin sonuna qədər demək olar ki, bütün fənlər üzrə
müəllimlərin, o cümlədən həmin fənlər üzrə tədris aparan
müəllimlərin böyük əksəriyyəti sertifikatlaşdırma prosesini
tamamlamış olacaq.

Trend xəbər
verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin
Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil
komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı
il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.

Nazir vurğulayıb ki, yalnız 2026-cı ildə uğursuz olmuş
müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi
həyata keçiriləcək. Həmçinin 2022-ci ildə ilk dəfə
sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən
növbəti mərhələyə – ikinci dövrə sertifikatlaşdırmaya cəlb
olunacaqlar:

“Artıq birinci mərhələdən keçmiş müəllimlər minimal tələblərə
cavab verir. Amma biz əvvəldən də qeyd etmişdik ki, birinci
mərhələdə tələb olunan standartlar kifayət qədər aşağı və humanist
yanaşma ilə müəyyən edilmişdi. Əslində isə biz təhsildə keyfiyyət
istəyiriksə, müəllimlərimizə qarşı daha yüksək tələblər
qoymalıyıq.

Çünki heç bir təhsil sisteminin keyfiyyəti onun müəllim
heyətinin keyfiyyətindən yuxarı ola bilməz. Əgər müəllimə olan
tələbləri aşağı salırıqsa, təhsilin nəticələrinə dair gözləntiləri
də aşağı salmalı oluruq. Bu, ziddiyyətli və məntiqsiz bir yanaşma
olardı. Ona görə də, nə qədər çətin olsa da, bu standartlar
tədricən – xüsusilə ibtidai təhsildə – artırılmalıdır.




Ə.Əmrullayev bildirib ki, 2027-2030-cu illər üçün əsas
hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin
tətbiqidir:

“Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim
deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən
müəllimlər modeli yaradılacaq. Bu, məcburi deyil. İstəyən müəllim
əvvəlki – saatla işləmə sistemində qala bilər.

Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat
olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb
daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə
yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər
cəlb olunacaq.

Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də
odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4
müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii
olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və
statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı
dəyişməliyik”.