Hindistan Yeni Dehlidəki partlayışı terror aktı kimi tanıyıb

Baş səhifə
Hindistan Yeni Dehlidəki partlayışı terror aktı kimi tanıyıb

Hindistan hökuməti Yeni Dehlidəki tarixi Qırmızı Qala yaxınlığında avtomobildə baş verən partlayışı terror aktı kimi tanıyan qətnamə qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modinin dəftərxanası Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclasından sonra məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkə “Qırmızı Qala yaxınlığında avtomobilin partladılması ilə anti-milli qüvvələr tərəfindən törədilmiş dəhşətli terror aktının” şahidi olub.

Nazirlər Kabineti bu hadisənin bütün icraçıları, iştirakçıları və maliyyəçilərinin tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün maksimum təcili və peşəkar şəkildə araşdırma aparılmasını tapşırıb.

Vurğulanır ki, vəziyyət hökumət tərəfindən ən yüksək səviyyədə daimi nəzarətdə saxlanılır.

Xatırladaq ki, noyabrın 10-u axşam saatlarında Hindistan paytaxtında “Qırmızı Qala” metrostansiyası yaxınlığında (eyni adlı tarixi abidənin yanında) avtomobil partlayıb. Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Terror aktının araşdırılması Milli İstintaq Bürosuna həvalə edilib.