
Bakı. Trend:
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki,
məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi
yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində
hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə
əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş
Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verirəm.
Allah rəhmət eləsin!”


