Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yeniyetmə şahmatçısı Xaqan Əhməd Vətənə qayıdıb.
“Report” xəbər verir ki, idmançını gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Hava limanında idmançını yaxınları, ictimaiyyət nümayəndələri, şahmat həvəskarları və mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Xaqan Əhməd 14 yaşlı oğlanların kateqoriyasında 7,5 xal toplamaqla qalib olub. Doqquz turdan sonra iki şahmatçının eyni xalı olub. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.
Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Turnirdə 48 ölkədən 1 169 şahmatçı mübarizə aparıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

