
Bakı. Trend:
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Trendin məlumatına görə, 2009-cu il noyabrın
17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün
təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul
edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti
indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının
Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək
Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib.
Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan
olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan
Respublikasının Qanununda qeyd edilir:
“Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin
rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi
zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi
rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl
rəngdədir”.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət
Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi
keçirilib.
Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr,
uzunluğu 72 metrdir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət
himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən
hazırlanıb.
Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

