
Bakı. Trend:
Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə
Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri və həmin ölkələrdə
akkreditə olunmuş hərbi attaşelik aparatlarında tədbirlər
keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrin səfirliklərinin əməkdaşları,
diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri, Müdafiə
nazirliklərinin mənsubları və digər qonaqların iştirak etdikləri
tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda
canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi
Qələbənin əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsindən,
hərbçilərimizin göstərdikləri şücaətlərdən, ölkəmizin müstəqilliyi,
ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində əldə
etdiyi tarixi nailiyyətlərdən danışıblar.
Tədbirlər zamanı Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər
və videoçarxlar nümayiş etdirilib.
Sonda təqdim olunan müxtəlif musiqi nömrələri və ədəbi-bədii
kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

