Bakı. Trend:
Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya
Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat
verilib.
Nazir V.Mustafayev qonaqları salamlayaraq onları Azərbaycanda
görməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında mövcud
olan dostluq münasibətlərinin və müxtəlif istiqamətlər üzrə
tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb,
Azərbaycanla Slovakiyanın müdafiə sənayesi sahəsində uğurlu
əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb.
V.Mustafayev son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində
əldə etdiyi nailiyyətlər, istehsal imkanları və innovativ
texnologiyaların tətbiqi, həmçinin qabaqcıl təcrübələrin
inteqrasiyası ilə bağlı həyata keçirilən işlər haqqında ətraflı
məlumat verib.
R.Kalinak öz növbəsində səmimi görüşə və qonaqpərvərliyə görə
minnətdarlığını bildirib, Slovakiyanın Azərbaycanla əlaqələrin
genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaq müdafiə
sənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər iki
ölkənin strateji maraqlarına və qarşılıqlı inkişaf perspektivlərinə
töhfə verəcəyini qeyd edib.
Görüş zamanı tərəflər hərbi-texniki sahədə mövcud əlaqələri
geniş müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqında
fikir mübadiləsi aparıblar.

