
Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
paytaxtı London şəhərində Azərbaycan xalqının Zəfər Günü
münasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində İngiltərədə
yaşayan soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun
“Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərin
harmoniyası) adlı konserti təşkil olunub.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə təşkil olunan konsertdə İngiltərədə yaşayan
soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər –
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov,
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
şöbə müdiri Səlhət Abbasova iştirak edib.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən
qəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlı
Zəfər tarixi haqqında geniş məlumat verilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin unudulmaz ifadəsini – “Əziz Şuşa, sən azadsan!” ifadəsini
bir daha yada salıb, ölkə başçısının qətiyyəti, ordumuzun
qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının
tarixi əhəmiyyətini bir daha diqqət mərkəzinə gətiriblər.
Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya
müharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azad
edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqq
səsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla
çatdırıblar.
Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan
incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz
üslubunda improvizasiyaları səsləndirilib.
Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərin
yüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb,
Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnə
diplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər.

