
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin tikinti
materialları istehsalçısı olan və “Hacı Ömər Sabancı Holdinq
A.Ş.”nin tərkibinə daxil olan “Cimsa Cimento Sanayi ve Ticaret
A.Ş.” (Cimsa) şirkətinə 50 milyon avroya qədər kredit ayırıb.
Trend banka
istinadən xəbər verir ki, bu vəsait şirkətin Green Financing
Framework (GFF) çərçivəsində “yaşıl” investisiyalar proqramının
maliyyələşdirilməsinə yönəldilib.
Layihə çərçivəsində kalsium-alüminat sementinin istehsalı üzrə
yeni zavodun tikintisi və Mersin şəhərindəki mövcud istehsal
güclərində karbonsuzlaşdırma tədbirlərinin həyata keçirilməsi
nəzərdə tutulur.
Bankın məlumatına əsasən, layihə tam şəkildə “yaşıl
iqtisadiyyata keçid” məqsədlərinə uyğun gəlir. Buraya enerji
səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən
istifadə və sement istehsalında klinker (sement istehsalında əsas
xammal-red) payının alternativ xammal hesabına azaldılması
daxildir.
Karbonsuzlaşdırma üzrə bu investisiya proqramı, ekoloji cəhətdən
təmiz sement növlərinin (xüsusən də kalsium-alüminat sementinin —
CAC) istehsalının genişləndirilməsi, bərpa olunan enerji
mənbələrinin tətbiqi, istilik səmərəliliyinin artırılması və sement
tərkibində klinker payının azaldılması vasitəsilə yaşıl
iqtisadiyyata keçidi tam şəkildə dəstəkləyir.

