
Bakı. Trend:
Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün
unikal üstünlüklərə malikdir.
Trend xəbər verir
ki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında
bildirilir.
“Texnoloji suverenlik qarşıdakı onillikdə iqtisadi təsirin əsas
amillərindən birinə çevriləcək. Lider mövqeləri yalnız enerji
resurslarına deyil, həm də enerjini innovasiyaya çevirmək
qabiliyyətinə malik insan kapitalına sahib ölkə və regionlar
tutacaq.
Enerji bazası sayəsində Azərbaycan süni intellekt
infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklər əldə
edir. Uğur qazanmaq üçün həmçinin təhsil və ixtisasartırma
istiqamətində yeni yanaşmalar formalaşdırmaq, dövlət və biznes
tərəfindən süni intellekt həllərinə tələbi təmin etmək, eləcə də
yerli ekosistem ilə Qlobal Texnoloji Klasterlər- məsələn, “Silikon
Vadisi” və ya İsrail – arasında tərəfdaşlıqlar qurmaq lazımdır ki,
bu da bilik və texnologiyaların mübadiləsini təmin etsin”, –
materialda qeyd olunur.
“BCG”nin idarəedici direktoru və partnyoru Anton Aristov
bildirib ki, texnoloji layihələr təkcə yüksək səviyyəli yerli
ekspertizaya deyil, həm də qlobal ekosistemlə tərəfdaşlıq
sisteminin qurulmasına ehtiyac duyur.
“Artıq bu gün Silikon Vadisindəki investorların Azərbaycanda
həyata keçirilən, real istehsala yaxın olan bir sıra layihələrə
marağı göstərir ki, ölkə yerli həllərlə qlobal texnoloji kontekstin
qovuşduğu bir mərkəzə çevrilə bilər”, – deyə o qeyd edib.


