
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr –
Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsinə və Vətən
müharibəsi iştirakçılarına həsr olunmuş silsilə tədbirlər
keçirilib.
İlk olaraq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova
müharibə iştirakçısı və qazi tələbələrlə görüşüb. Görüşdə Zəfər
Gününün tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla
yad edilib. Rektor qeyd edib ki, bu Qələbə xalqımızın birliyi,
dövlətin siyasi iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində mümkün
olub.
Daha sonra tədbirlər çərçivəsində Tikinti-İqtisad fakültəsində
şəhid məzunlar Səmural Fətəliyev və Osman Cəfərovun barelyeflərinin
açılışı olub. İnşaat fakültəsində isə şəhid məzunlar Elsəvər
Əhədzadə, Zaur Dövlətov və Rauf İbadovun xatirəsinə yaradılmış anım
guşəsinə baxış keçirilib.
Çıxışlarda şəhidlərin həyat və döyüş yollarından bəhs edilib,
onların göstərdiyi igidliyin gənclər üçün vətənpərvərlik nümunəsi
olduğu vurğulanıb.
Qeyd edilib ki, AzMİU-da şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
– onların adını daşıyan guşə və barelyeflər yaradılır, ailələri
mütəmadi ziyarət olunur, doğum və şəhidlik günləri qeyd edilir. Bu
fəaliyyətlər universitetin şəhidlərə və qazilərə göstərdiyi yüksək
ehtiramın ifadəsidir.


