
Bakı. Trend:
Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarının
donorluğu və transplantasiyası haqqında” Qanununa əsasən, 18 yaşı
tamam olmuş və tam fəaliyyət qabiliyyətinə malik hər bir vətəndaş
ölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verə
bilər. Bu qərar donor reyestrində qeydiyyata alınarsa və ya yazılı
şəkildə rəsmiləşdirilərsə, hüquqi qüvvəyə malik sayılır.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu
və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri Yeganə Abbasova açıqlayıb.
Onun sözlərinə görə, vətəndaş vəfat etdikdə, orqan bağışlanması
ilə bağlı onun sağlığında verdiyi qərar ailəsinə yalnız məlumat
xarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur:
“Qanun burada şəxsin öz bədəni üzərində verdiyi iradəni əsas
götürür və bu iradə üstün hüquqi statusa malikdir. Yəni, vətəndaş
sağlığında orqanlarını bağışlamaq barədə qərar veribsə, ailənin
etirazı həmin qərarı ləğv etmir”.
Y.Abbasova qeyd edib ki, orqanların götürülməsi yalnız beyin
ölümü rəsmi şəkildə təsdiqləndikdən sonra və müvafiq tibbi
komissiyanın qərarı ilə həyata keçirilir:
“Bu mərhələdə ailə ilə izahat və psixoloji dəstək işi aparılır.
Məqsəd şəffaflıq, etibar və insan iradəsinə hörmət prinsiplərinin
qorunmasıdır”.
Sonda Mərkəzin sədri vurğulayıb ki, vətəndaşın orqan bağışlamaq
barədə sağlığında ifadə etdiyi iradə həlledici hesab olunur: “Ailə
üzvləri isə proses barədə məlumatlandırılır. Bu yanaşma
transplantasiya sisteminin həm etik, həm də hüquqi cəhətdən düzgün
işləməsini təmin edir.

