Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard manatdan çox vəsait daxil olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr aylarında İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard
378,4 milyon manat vergi daxil olub, proqnoza 105,5 faiz əməl
edilib.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət
büdcəsinə vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faiz
artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411,8 milyon
manat olub, proqnoz 103,0 faiz icra edilib. Əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon
manat və ya 9,0 faiz artıb.




Ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6
faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci ilin yanvar – oktyabr aylarında muzdlu işçi sayının və
əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon
manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 12,1 faiz və ya 563,0 milyon manatdan çox
artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni
dövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manat
olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkil
edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq
141,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni
dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox
təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz
artaraq 650,0 milyon manat olub.