Azərbaycan və Suriya: köhnə Yaxın Şərqdə yeni enerji geosiyasəti

Baş səhifə

Bakı. Trend:

Dünya ticarət marşrutlarının yenidən bölüşdürülməsinə diqqət
yönəldərkən, Azərbaycan addım-addım cənub istiqamətində mövqelərini
gücləndirir və Şərqi Aralıq dənizi hövzəsinə çıxış əldə edir. Uzun
illər sanksiyaların və təcridin təsiri altında qalan Suriya yenidən
beynəlxalq marağın mərkəzinə çevrilir. Dəməşqin regional
arxitekturada canlanmaqda olan rolu elə bir dövrə təsadüf edir ki,
Bakı ixracın diversifikasiyasına və yeni enerji bazarlarının
axtarışına sistemli şəkildə girişib. Beləcə, onilliklərdən sonra
ilk dəfə elə bir formul yaranır ki, burada Azərbaycan və Suriya
təkcə tərəfdaş deyil, həm də Yaxın Şərqin yeni enerji məntiqinin
potensial müəllifləridir.

2025-ci ilin Suriyası artıq on il əvvəlki ölkə deyil. BMT və
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son iki ildə ölkənin
ÜDM artımı ildə təxminən 3,2 faiz olub – əsasən kənd təsərrüfatı,
daxili ticarət və bərpa olunan xarici sərmayələr hesabına. Amma
enerji sektoru hələ də Suriyanın iqtisadiyyatında Axilles dabanı
sayılır. Müharibədən əvvəl qaz elektrik enerjisi istehsalının
təxminən 45 faizini təmin edirdi, indi bu göstərici 15 faizə belə
çatmır.

Dünya Bankının hesablamalarına görə, Suriyanın enerji
infrastrukturu üzrə zərərin ümumi məbləği 120 milyard dollardan
çoxdur. 13 iri elektrik stansiyasından cəmi beşi işlək
vəziyyətdədir və o da minimal gücdə. Əsas qaz yataqları – Şaer,
Deyr əz Zor və Palmira – ya tamamilə dağıdılıb, ya da əsaslı
bərpaya ehtiyac duyur. Belə bir şəraitdə həm resurslara, həm
təcrübəyə, həm də texnoloji potensiala malik olan Azərbaycan təbii
strateji tərəfdaşa çevrilir.

Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı danışıqlar 2024-cü
ildən Türkiyənin vasitəçiliyi ilə aparılırdı. Türkiyə Energetika
Nazirliyinin məlumatına görə, ilkin mərhələdə söhbət illik 1,5–2
milyard kubmetr həcmində qaz tədarükündən gedir. Qaz Suriyaya
Türkiyə ərazisindən keçərək Bab əl Hava sərhəd məntəqəsi vasitəsilə
tərs axın sxemi ilə çatdırıla bilər.

SOCAR artıq Suriya tərəfi ilə infrastrukturun bərpası üzrə
məsləhətləşmələrdə iştirak edir. İlkin hesablamalara əsasən,
Suriyanın qaz-nəqliyyat sisteminin minimal istismar səviyyəsinə
gətirilməsi üçün 3–3,5 milyard dollar həcmində sərmayə tələb
olunur. Birinci mərhələdə Homs–Lazkiyə magistral xəttinin, sıxıcı
stansiyaların və Hələb ətrafındakı qazpaylayıcı qovşaqların bərpası
nəzərdə tutulur.

Ekspertlərin fikrincə, işlər plan üzrə getsə, artıq 2026-cı ilin
sonuna qədər Suriya daxili qaz tələbatının 50–60 faizini yerli
istehsalla ödəyə biləcək. Suriya Energetika Nazirliyi hesab edir
ki, Azərbaycan qazının idxalı beş elektrik stansiyasını yenidən işə
salmağa və sənaye zonalarının əsas hissəsini enerji ilə təmin
etməyə imkan verəcək.

Suriyanın enerji sektorunun bərpasında əsas maneə maliyyə
mənbələrinin məhdudluğudur. Beynəlxalq maliyyə institutları
sanksiyalar səbəbindən hələ də fəaliyyətini məhdudlaşdırır. Fəqət
vəziyyət dəyişməyə başlayıb. 2025-ci ildə Avropa İttifaqı Suriyanın
enerji sektoruna sərmayə yatırmaqla bağlı bəzi məhdudiyyətləri
dayandırdı. Böyük Britaniya isə daha irəli gedərək, özəl
şirkətlərinə BMT nəzarəti altında “humanitar enerji layihələrində”
iştirak icazəsi verdi.

Əsas maliyyə mənbələri Azərbaycan, Qətər və Birləşmiş Ərəb
Əmirliklərindən gələn özəl sərmayələrdir. Bakı sanksiya risklərini
azaltmaq üçün Türkiyə və Qətər fondları ilə birgə müəssisələr
vasitəsilə Suriya layihələrinə qoşulma variantını nəzərdən
keçirir.

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin məlumatına görə, Azərbaycanın Suriyaya potensial
sərmayəsi beş il ərzində 1,2 milyard dollara çata bilər. Bunun 40
faizi enerji infrastrukturu, 25 faizi xammalın emalı, qalan hissəsi
isə metallurgiya və qiymətli metallar sektoruna yönəldiləcək.

Sanksiya təzyiqi hələ də qeyri-müəyyənlik yaradır. ABŞ
prezidenti Tramp “Sezar Qanunu”nun yenidən baxılmasını istəsə də,
Konqres hələlik onu ləğv etməyib. Bununla belə, 2025-ci ilin
əvvəlində ABŞ administrasiyası Suriyanın enerji və infrastruktur
bərpasına yönəlmiş layihələr üçün “müvəqqəti humanitar istisnalar”
tətbiq etdiyini açıqladı.

Dövlət Departamentinin məlumatına görə, bu istisnalara Türkiyə,
Qətər və Azərbaycan şirkətləri də daxil olmaqla 14 qurum salınıb.
Bu, SOCAR və Azərbaycan podratçılarına Suriyada ikinci dərəcəli
sanksiya riski olmadan fəaliyyət göstərmək üçün unikal imkan
yaradır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi 2025-ci ilin fevralında
belə bir bəyanat vermişdi: “Suriyanın enerji sabitliyini və
humanitar böhranın azalmasını dəstəkləyən bütün təşəbbüsləri
alqışlayırıq.” Bakı bu diplomatik siqnalı maksimum rasional şəkildə
dəyərləndirir.

Azərbaycan–Suriya əməkdaşlığının ən gözlənilməz, lakin strateji
baxımdan önəmli istiqamətlərindən biri qiymətli metalların hasilatı
və emalıdır. Uzunmüddətli müharibədən sonra Suriyanın qızıl
sənayesi demək olar ki, dağıdılıb. Suriya Sənaye Nazirliyinin
məlumatına görə, 12 müəssisədən cəmi üçü fəaliyyət göstərir və
onların da məhsuldarlığı müharibədən əvvəlki səviyyənin 15
faizindən çox deyil.

2025-ci ilin əvvəlində Suriyanın Qiymətli Metallara Nəzarət Baş
İdarəsi rəhbərliyi ilə Azərbaycanın müvəqqəti işlər üzrə vəkilinin
görüşü baş tutdu. Görüşdə Azərbaycan şirkətlərinin geoloji
kəşfiyyat, avadanlıqların bərpası və birgə müəssisələrin
yaradılmasında iştirakı müzakirə edildi. Məqsəd Qarabağda –
xüsusilə Qoşbulaq, Soyalu və Kəlbəcərdə qızıl və mis yataqları üzrə
əldə edilmiş azərbaycan təcrübəsini Suriyada tətbiq etməkdir.

Azərbaycan üçün bu, sadəcə sərmayə deyil, sənaye nou-haunun
ixracıdır. Suriyada qızıl hasilatının maya dəyəri dağıdılmış
infrastruktur, kadr çatışmazlığı və logistika problemləri
səbəbindən yüksəkdir. Amma bunun əvəzində Bakı yeni resurs
bazalarına çıxış əldə edir və əlavə dəyər zəncirini – xammaldan
zinət məhsullarına qədər – genişləndirir.

Ekspertlərin hesablamalarına görə, Azərbaycan Suriyanın qızıl
hasilatı sektorunda 20 faiz pay əldə etsə, 2028-ci ilə qədər illik
gəlir təxminən 150 milyon dollar təşkil edəcək. Bundan başqa,
Suriya qızılının Azərbaycanda emalı ölkəmizi zərgərlik və əyarlama
sahəsində regional mərkəzə çevirəcək.

Suriya ilə əməkdaşlıq Azərbaycanın təkcə iqtisadi deyil, həm də
strateji maraqlarına xidmət edir. Bakı ilk dəfə olaraq Yaxın Şərqdə
davamlı mövcudluq formalaşdırır və bununla da Türkiyə–İran–Qafqaz
üçbucağından kənara çıxır.

Bu addım Azərbaycanın 2022–2023-cü illərin enerji böhranından
sonra həyata keçirdiyi enerji diversifikasiyası doktrinasının
tərkib hissəsidir. Əgər 2020-ci illərin əvvəlində Azərbaycan qaz
ixracının 80 faizi Avropanın payına düşürdüsə, 2025-ci ildə bu
göstərici 63 faizə enib. Qalan 37 faiz Türkiyə, Balkanlar, Mərkəzi
Asiya və indi də Yaxın Şərq istiqamətlərinə bölünür.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2025-ci
ilin ilk yarısında cənub istiqamətində enerji ixracı 12 faiz artıb
və bu, Türkiyə üzərindən genişlənən tədarük axınları ilə birbaşa
əlaqəlidir. Perspektivdə Azərbaycan təkcə Suriyaya qaz ixrac edən
ölkə deyil, həm də Fars körfəzi, Aralıq dənizi və Avropa arasında
enerji axınlarını birləşdirən tranzit platformasına çevrilə
bilər.

Azərbaycan–Suriya münasibətlərinin daha geniş mənası Bakının
ziddiyyətli maraqları olan ölkələr arasında vasitəçi rolunu oynamaq
bacarığında görünür. Çin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və
İran arasında normallaşma mərhələsinə keçid fonunda regiona yeni,
neytral dialoq meydanları lazımdır.

Azərbaycanın İran, Türkiyə, İsrail və ərəb monarxiyaları ilə
balanslı münasibətləri ona bu rolu oynamağa imkan verir. Doha Yaxın
Şərq Araşdırmaları İnstitutunun məlumatına görə, 2025-ci ildə Bakı
dəfələrlə Suriyalı və israilli ekspertlər arasında su və enerji
təhlükəsizliyi məsələlərində mümkün təmas platforması kimi qeyd
olunub.

Suriya isə öz növbəsində Azərbaycanı İslam dünyasına açılan
körpü, beynəlxalq tribunlarda səsini eşitdirə biləcək tərəfdaş kimi
görür. Azərbaycanda dini və etnik qrupların dinc birgəyaşayışı
təcrübəsi Suriyanın müharibədən sonrakı bərpa mərhələsi üçün mühüm
modeldir – çünki məhz konfessional barışıq və reinteqrasiya
məsələləri Suriyanın gələcək sabitliyinin açarıdır.

Azərbaycan–Suriya əməkdaşlığının geoiqtisadi ölçüsü enerji
sektoru ilə məhdudlaşmır. Azərbaycan qazının Suriyaya tədarükü və
gələcəkdə neft, eləcə də metallarla bağlı ixrac layihələrinin
həyata keçirilməsi üçün yeni logistika əlaqələrinin qurulması
zəruridir.

Əsas elementlərdən biri Naxçıvandan Türkiyə üzərindən Suriyanın
sərhədinə qədər uzanan marşrutun modernləşdirilməsi ola bilər. Bu
modeldə Türkiyə əsas tranzit tərəfdaş rolunu oynayır. Paralel
şəkildə, Azərbaycanın yüklərinin Aralıq dənizinə çıxışı üçün
Latakiya və Tartus limanlarından istifadə imkanları da müzakirə
olunur.

Türkiyə Nəqliyyat Nazirliyinin ilkin məlumatlarına görə, artıq
Azərbaycan, Türkiyə, Suriya və İraqı birləşdirəcək “Cənub Enerji
Dəhlizi” layihəsi üzərində danışıqlar aparılır. Məqsəd – Qara dəniz
və Avropa istiqamətlərindəki həddindən artıq yüklənməni aradan
qaldıraraq enerji daşıyıcılarının daha çevik marşrutla daşınmasını
təmin etməkdir.

Əgər layihə reallaşarsa, o, TANAP və TAP-dan sonra regionun ən
iri transmilli enerji infrastrukturu olacaq və Azərbaycanın Cənubi
Aralıq dənizi və Afrika bazarlarına strateji çıxışını təmin
edəcək.

Ambisiyalı perspektivlərə baxmayaraq, Azərbaycan–Suriya
əməkdaşlığı bir sıra risklərlə müşayiət olunur. Əvvəla, siyasi
risklər qalmaqdadır. Sanksiya rejimi hələ də qüvvədədir, daxili
islahatlar isə ləng gedir. Korrupsiya, zəif idarəetmə institutları
və bürokratik səmərəsizlik – bütün bunlar investisiya prosesini
yavaşıda bilər.

İqtisadi risklər də az deyil. Fitch Solutions-un
qiymətləndirməsinə əsasən, Suriyada infrastruktur layihələrinin
orta gəlirlilik dövrü 8–12 il arasında dəyişir. Üstəlik, 2025-ci
ilin iyununa olan məlumatlara görə, ölkədə illik inflyasiya
təxminən 68 faiz səviyyəsindədir və valyuta sabitsizliyi xarici
sərmayədarlar üçün əlavə təzyiq yaradır.

Lakin Azərbaycan bu əməkdaşlığa soyuq başla və praqmatik yanaşma
ilə baxır – nə romantik illüziyalarla, nə də risklərə qarşı kor
optimizmlə. Bakı üçün burada əsas məsələ strateji dividendlərdir.
Suriyada hətta məhdud miqyasda iştirak belə Azərbaycanın beynəlxalq
imicini möhkəmləndirir və onu regionda müstəqil oyunçu kimi təqdim
edir.

Azərbaycan–Suriya tərəfdaşlığı qısamüddətli iqtisadi layihə
deyil, Bakının Yaxın Şərqin yeni siyasi-iqtisadi arxitekturasında
möhkəmlənməsini hədəfləyən uzunmüddətli strategiyanın tərkib
hissəsidir. Böyük dövlətlər bölgədə təsirini hərbi və ya siyasi
rıçaqlar vasitəsilə artırmağa çalışdığı halda, Azərbaycan
iqtisadiyyatı, infrastrukturu və enerjini “yumşaq güc” alətinə
çevirib.

Suriyanın bərpasında iştirak Bakıya təkcə yeni bazarlar
qazandırmır, həm də ABŞ, Türkiyə, ərəb ölkələri və hətta İranla
münasibətlərdə əlavə diplomatik manevr sahəsi yaradır. Enerjinin
yenidən geosiyasi valyutaya çevrildiyi bir dövrdə bu istiqamət
Azərbaycanın rolunu sadəcə regional ixracatçıdan çıxarıb, Yaxın
Şərqin gələcək enerji sisteminin memarı səviyyəsinə qaldıra
bilər.