
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC
rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik
edib.
Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, texnoloji yeniliklər və müasir tendensiyalarla
ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını
NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay”
və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”,
“BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.
Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun
artıq metropolitenin bütün stansiyalarında tətbiqinə
başlanılıb.
Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan
keçirilib.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə,
sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans
artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək
üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən
eyni kartla ödəniş etmək mümkündür.


