
Bakı. Trend:
Energetika nazirinin müavini Orxan Zeynalov Birləşmiş Ərəb
Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Əbu-Dabi Beynəlxalq
Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.
Nazir müavini “Enerjinin gələcəyi: pozitivlik, praqmatizm və
siyasətlər” adlı nazirlər panelində və “Şaxələndirmə yolu ilə
enerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi” adlı
nazirlərin dəyirmi masasında çıxış edib. Nazir müavini ədalətli
enerji keçidi prosesində ənənəvi enerji mənbələrinin
balanslaşdırıcı rolu və Azərbaycanın “yaşıl enerji keçidi”
istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O,
enerji saxlama texnologiyalarının geniş tətbiqinin və elektrik
şəbəkəsinin modernləşdirilməsinin bərpa olunan enerjinin sürətli
inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd
olunub ki, enerji keçidinin uğurlu həyata keçirilməsi regional
enerji inteqrasiyasından da asılıdır. Bu məqsədlə ölkəmiz Cənubi
Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən “yaşıl
enerji dəhlizi” və interkonnektor layihələrini reallaşdırır.
Sözügedən layihələr təkcə bərpa olunan enerji mənbələrindən
istehsal olunan elektrik enerjisinin ixracına deyil, həm də
şəbəkələrin sinxronizasiyasına və regionda enerji dayanıqlığının
möhkəmlənməsinə xidmət edəcək.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx
Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə təşkil olunan ADIPEC
2025 tədbiri 10 konfrans və 380 sessiyadan ibarət olmaqla enerji
sisteminin formalaşdırılması, yeni texnologiyaların tətbiqi, təmiz
enerji sahəsinə sərmayələrin qoyulması, təmiz və təhlükəsiz enerji
gələcəyinə keçidin sürətləndirilməsi kimi mövzulara dair
müzakirələrə həsr olunub.


