Vaşinqton Bakı ilə yeni strategiyaya başlayır

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin əvvəllərində dünya sanki sürətlənmə mərhələsinə
daxil oldu: əvvəllər onilliklərə yayılan siyasi proseslər indi bir
neçə aya sığışır. Məhz bu sıx və gərgin geosiyasi mühitdə ABŞ yeni
Yaxın Şərq siyasətini elan etdi – bu dəfə güc ixracatçısı kimi
deyil, əlaqələr memarı kimi. Yeni kursun əvvəlkilərdən əsas fərqi
ondadır ki, Vaşinqton soyuq müharibədən bəri ilk dəfə
strategiyasını hərbi mövcudluq üzərində deyil, infrastruktur və
iqtisadi dəhlizlər üzərində qurur.

Yeni konstruksiyanın mərkəzində isə gözlənilmədən Azərbaycan
dayanır.

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın
Bəhreyndə keçirilən “Manama Dialoqu 2025” konfransındakı çıxışı
yeni dövrün proqram sənədinə çevrildi. Amerikalı diplomat
sanksiyaların və rejim dəyişikliklərinin dili ilə deyil,
dəhlizlərin, bazarların və enerji əlaqələrinin dili ilə danışdı.
“Biz nəzarət strategiyasından etimad strategiyasına keçirik”, –
deyə o bəyan etdi və Xəzərdən Aralıq dənizinə qədər sabitlik
kəmərinin formalaşdırılmasını əsas istiqamət kimi göstərdi. Uzun
illərdən sonra ABŞ açıq şəkildə etiraf etdi ki, Bağdaddan Tripoliyə
qədər zorakı müdaxilənin iflasa uğradığı regionda irəliləyişin
yeganə davamlı yolu əməkdaşlıq və iqtisadi inteqrasiyadan
keçir.

Barrak vurğuladı ki, Azərbaycan, Ermənistan və Türkiyə
“yaxınlaşma yolundadır”. İlk baxışda bu ifadə sadəcə diplomatik
jest kimi səslənə bilər. Amma əslində bu, Vaşinqtonun Cənubi
Qafqazı yeni nizamın nümayiş platformasına çevirmək niyyətini əks
etdirən strateji mesajdır. ABŞ onilliklər boyu regionu qarşıdurma
prizmasından dərk edirdi, indi isə onu birləşdirici məkan kimi
formalaşdırmağa çalışır. Bu yeni modeldə Bakı enerji, infrastruktur
və siyasət baxımından cazibə mərkəzinə çevrilir.

Dəyişikliklərin dərinliyini anlamaq üçün 2000-ci illərdəki
Amerika kursunu xatırlamaq kifayətdir. Əfqanıstan, İraq, Liviya,
Suriya – “hər qiymətə demokratiya” şüarı ilə əsaslandırılan bütün
bir dövr zorakı xarici siyasət idi. Bu yanaşma azadlıq yox,
anarxiya doğurdu: Barrakın dediyi kimi, iyirmi səkkiz devrilmiş
rejim və iyirmi səkkiz fəlakət. Hər biri yeni ekstremizm ocaqları
yaratdı, sosial toxumanı dağıtdı və regionu qəbilə parçalanması
modelinə geri qaytardı.

İndi vəziyyət tam fərqlidir. Yeni Amerika strategiyasında zorakı
demokratikləşdirmə ideyası yoxdur. Onun yerini “inkişaf vasitəsilə
təsir” konsepsiyası tutub – yəni investisiyalar, infrastruktur və
texnologiyalar üzərində qurulan tərəfdaşlıq. ABŞ öz mövcudluğunu
artıq aviadaşıyıcılarla deyil, dəmir yolları ilə; ultimatumlarla
deyil, enerji sazişləri ilə möhkəmləndirmək istəyir. Bu kontekstdə
Azərbaycan əsas həlqəyə çevrilir.

Bakı yalnız Xəzərlə Qara dəniz, Mərkəzi Asiya ilə Yaxın Şərq,
Rusiya ilə Türkiyə arasında unikal coğrafi mövqeyə malik deyil, həm
də region üçün nadir sayılan sabitlik, iqtisadi dinamizm və
praqmatizmi birləşdirir. Azərbaycan himayədar deyil, tərəfdaş
axtarır. Məhz bu, onu yeni arxitekturanın əlverişli iştirakçısına
çevirir.

Vaşinqtonun təşəbbüsü ilə yaradılan və Cənubi Qafqazı,
Türkiyəni, Yaxın Şərqi və Şərqi Aralıq dənizini birləşdirən
sabitlik kəməri “İnkişaf Dəhlizi” adlanır. Əslində bu, nəqliyyat,
enerji və kommunikasiya infrastrukturunu birləşdirən layihələr
zənciridir – Transxəzər marşrutu və Zəngəzur dəhlizindən tutmuş
Cənub qaz boru kəmərlərinə və rəqəmsal əlaqə xətlərinə qədər.

Əsas fikir budur ki, ticarət, enerji və təhlükəsizlik
bir-birindən ayrılmaz olan qarşılıqlı asılı dövlətlər şəbəkəsi
qurulsun. İqtisadi məntiq hərbi məntiqi əvəz edir: əgər ölkələrin
ortaq yolları və ixrac marşrutları varsa, müharibəyə ehtiyac
qalmır. ABŞ bu formulu vaxtilə müharibədən sonrakı Avropada –
Marşall Planı vasitəsilə tətbiq etmişdi. İndi bu yanaşma
Cənub-Qərbi Asiyaya uyğunlaşdırılır.

Bu modeldə Azərbaycanın iki əsas rolu var. Birincisi – enerji:
neft, qaz, elektrik enerjisi, yaşıl enerji və hidrogen
texnologiyalarının təchizatçısı və tranzitçisi. İkincisi –
infrastruktur: Şərqlə Qərbi birləşdirən mərkəzi halqa. Son üç ildə
Azərbaycan limanlarından keçən yüklərin həcmi 40 faizdən çox artıb,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxıcılıq qabiliyyəti isə
ildə 15 milyon tona çatıb. 2027-ci ilə qədər bu rəqəmin ikiqat
artırılması planlaşdırılır.

Zəngəzur marşrutunun reallaşması təkcə iqtisadi deyil, həm də
siyasi irəliləyişdir. Onilliklər davam edən blokada və
münaqişələrdən sonra Naxçıvanın əsas ərazi ilə birləşdirilməsi
Azərbaycanı əsl transkontinental arteriyaya çevirir. ABŞ üçün bu,
yeni siyasətin konkret nəticə verdiyini göstərmək imkanıdır: dünənə
qədər bir-birinə qarşı duran ölkələr indi əlaqələr açır, sazişlər
imzalayır və ortaq layihələr həyata keçirir.

Vaşinqtonda ilk dəfə “Xəzərdən Aralıq dənizinə qədər strateji
dəhliz” ideyası səslənəndə, bir çox analitiklər bunu praktiki əsası
olmayan növbəti bəyanat kimi dəyərləndirdilər. Amma artıq 2024-cü
ildə ABŞ siyasi elitası Yaxın Şərq və Qafqaz istiqamətində dərin
yenidən qiymətləndirmə prosesi başladı. Səbəblər açıq idi: Suriyada
və Yəməndə uzanan müharibələr, İranın artan regional ambisiyaları,
ənənəvi alyansların səmərəsizləşməsi və Çinin Avrasiya enerji və
logistika layihələrinə tədricən daxil olması.

Bu çağırışlar Tramp administrasiyasını təsir üçün daha rasional
alətlər axtarmağa məcbur etdi. Əvvəlki prezidentlərdən fərqli
olaraq, “demokratik dəyərlər” və “sivilizasiya missiyası” dilindən
danışmaq əvəzinə, Tramp sövdələşmələrə, praqmatizmə və qarşılıqlı
faydaya üstünlük verir. Onun yanaşması sadədir: xarici siyasət
xərclər yox, gəlir gətirməlidir. Amerika artıq nəticəsiz
müharibələrdən, itkilərdən və bahalı kampaniyalardan yorulub. İxrac
edilən demokratiya yerini ixrac edilən infrastruktur, hərbi
ekspansiya yerini isə iqtisadi ekspansiya tutur.

Beləcə, əsasında infrastruktur təsiri dayanan yeni Amerika
liderliyi konsepsiyası formalaşır. Bu strategiya üç əsas prinsipə
söykənir.

Birincisi – iqtisadi qarşılıqlı asılılıq. ABŞ hərbi bazalar
məntiqindən imtina edərək “inkişaf dəhlizləri” yaradır: enerji,
nəqliyyat, rəqəmsal. Bu arteriyalardan yalnız ticarət deyil, təsir
də keçir. İnvestisiyalar nəzarətin yeni forması, infrastruktur isə
siyasətin alətinə çevrilir.

İkincisi – regional vasitəçilərə üstünlük. Vaşinqton artıq
yeganə arbitra olmaq istəmir. Bunun əvəzində o, təsir
funksiyalarını real regional legitimliyə malik tərəfdaşlara –
Türkiyəyə, Azərbaycana, Səudiyyə Ərəbistanına həvalə edir. Bu
ölkələr vassal kimi deyil, tərəfdaş kimi çıxış edir və ABŞ-a dolayı
yolla təsir imkanları yaradır.

Üçüncüsü – texnologiya və kapital vasitəsilə nəzarət. Təsirin
əsas aləti artıq ordu deyil, investisiya və texnoloji üstünlükdür.
Amerika korporasiyaları və fondları yeni dövrün Pentaqonuna
çevrilərək iqtisadiyyata, energetikaya və rəqəmsal infrastruktura
nüfuz edirlər.

Nəticədə Amerikanın yeni liderlik doktrinası formalaşır: daha az
hərbi missiya, daha çox infrastruktur təsiri. Vaşinqton artıq zəbt
etməyə deyil, inteqrasiya etməyə, diktə etməyə deyil, daxil olmağa
çalışır – iqtisadiyyatı geosiyasətin davamına çevirir. Bu sistemdə
Azərbaycan sadəcə bir nöqtə deyil, regional tarazlığın qurulduğu
yeni arxitekturanın oxudur.

Bu gün Azərbaycan yeni qlobal strategiyanın əsas həlqəsinə
çevrilib – böyük dövlətlərin maraqlarının kəsişdiyi, çoxqütblülük
konsepsiyasının möhkəmliyinin sınaqdan keçirildiyi ölkəyə. Onun
dayanıqlığı, müstəqil xarici siyasəti və güclü enerji potensialı
Azərbaycanı təkcə iştirakçı yox, proseslərin memarına çevirir.

Bakı praqmatizm və çevikliyi birləşdirən unikal siyasi balans
modeli yaradıb. Azərbaycan Qərb, Rusiya, Türkiyə və İranla
münasibətlərini suveren kursdan kənara çıxmadan qurmağı bacarıb.
Bu, geosiyasi bloklar arasında manevr etməyi zərurətə deyil,
strategiya sənətinə çevirən bir siyasətdir – hamı üçün vacib olmaq,
amma heç kimdən asılı qalmamaq bacarığı.

Amerika diplomatiyası Azərbaycanda sadəcə tranzit ərazi deyil,
strateji sabitliyin real mərkəzini görür. Bu baxımdan Bakı regionda
balanslaşdırıcı qüvvə kimi çıxış edir – Rusiya ilə Türkiyə, İran
ilə Qərb arasındakı ziddiyyətləri yumşaldır, digərlərinin yalnız
münaqişə gördüyü yerdə enerji və logistika həlləri təklif edir.

İqtisadi göstəricilər bu rolu rəqəmlərlə təsdiqləyir. 2024-cü
ildə Azərbaycanın Avropaya qaz ixracı təxminən 12 faiz artaraq 12,3
milyard kubmetrə çatıb. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan
Avropa İttifaqının mavi yanacağa olan tələbatının artıq 8–10
faizini ödəyir. Transxəzər marşrutu ilə daşınan yüklərin həcmi 4,5
milyon tonu ötüb, 2025-ci ilin ilk doqquz ayında ölkə nəqliyyat
infrastrukturuna 1,8 milyard dollardan çox birbaşa xarici
investisiya cəlb edib.

Bu rəqəmlər sadəcə statistika deyil. Onlar sistemli və
uzunmüddətli yanaşmanın göstəricisidir – Azərbaycanı enerji
ixracatçısından sabitlik ixracatçısına çevirən siyasətin sübutu.
Bakı-nın siyasəti bu gün müasir praqmatizmin nümunəsinə çevrilib:
pafoslu bəyanatlarsız, amma hiss olunan nəticələrlə – yeni
geoekonomik reallığı formalaşdıran nəticələrlə.

Amerikanın modelində Türkiyə tranzit sürətləndiricisi rolunu
oynayır – enerji və nəqliyyat xətləri onun ərazisindən keçir. Amma
Azərbaycan olmadan bu mexanizm işləmir.

Ankara Aralıq dənizinə açılan qapıdır, Bakı isə o qapının
açarıdır.

Hər iki ölkə enerji və nəqliyyat əlaqələrini sinxron şəkildə
genişləndirir. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu,
elektrik enerjisi və hidrogen ixracı layihələri – bunların hamısı
eyni sistemin tərkib hissəsidir. 2025-ci ildə Azərbaycan və Türkiyə
2030-cu ilə qədər nəqliyyat və enerji tərəfdaşlığını əhatə edən
yenilənmiş yol xəritəsini imzaladı. Sənəd tranzit həcmlərinin
ikiqat artırılmasını və vahid rəqəmsal logistika məkanının
yaradılmasını nəzərdə tutur.

Yeni Amerika arxitekturası bütün böyük oyunçuların maraqlarına
toxunur.

Rusiya ABŞ-nin Cənubi Qafqazdakı aktivləşməsini öz kommunikasiya
xətlərinə təhdid kimi qəbul edir. Ənənəvi şimal–cənub marşrutu,
yəni Rusiya, İran və Hindistanı birləşdirən xətt tədricən
monopoliyasını itirir. Moskva anlayır ki, Xəzərdən Aralıq dənizinə
qədər uzanan Amerika “inkişaf dəhlizi” həm yük axınlarının, həm də
siyasi təsirin bir hissəsini üzərinə çəkə bilər.

İran isə Azərbaycana həm rəqib, həm də vasitəçi kimi baxır. Bir
tərəfdən Bakı tranzit alternativi kimi güclənir, digər tərəfdən
Qərblə dialoq üçün kanal rolunu oynaya bilər. Uzun illər təcriddə
qalmış Tehran üçün sabit qonşu ilə ticarət əlaqələri yaratmaq
əlverişlidir.

Çin bu prosesə praqmatik yanaşır. Pekin üçün əsas məsələ “Bir
Kəmər – Bir Yol” təşəbbüsünün Transxəzər marşrutu ilə
sinxronlaşdırılmasıdır. Azərbaycan Çin üçün təhdid deyil, əksinə,
tamamlayıcı həlqədir – Avropaya daha qısa, təhlükəsiz və
proqnozlaşdırıla bilən yol.

Nəticədə unikal bir balans formalaşır: Azərbaycan ABŞ-la
əməkdaşlıq edir, amma Çinlə əlaqələri pozmur; Türkiyə ilə əlaqələri
inkişaf etdirir, amma Rusiya ilə münasibətləri qorumalı bacarır;
Avropa ilə kommunikasiya qurur, amma İrana qarşı təhlükə
yaratmır.

Amerikalılar mühüm nəticəyə gəliblər: sabitlik diplomatiya ilə
deyil, logistika ilə yaradılır. Yolların, qaz kəmərlərinin və
investisiyaların olduğu yerdə müharibə mənasız olur.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, son iki
ildə beynəlxalq tərəfdaşlarla həyata keçirilən nəqliyyat və enerji
layihələrinin ümumi dəyəri 25 milyard dollardan artıq olub. Bunun
təxminən 40 faizi Türkiyə ilə birgə proqramlara, 25 faizi Aİ və
ABŞ-la layihələrə, qalanı isə Mərkəzi Asiya və Çinlə ortaq
təşəbbüslərə düşür.

Naxçıvanla əsas ərazi arasında Ermənistan vasitəsilə birbaşa
dəmir yolu əlaqəsinin yaranması yeni dövrün simvoluna çevriləcək.
Bu marşrut işə düşərsə, Cənubi Qafqaz yüz ildən sonra ilk dəfə
blokadalardan azad zonaya çevriləcək. Bu, Amerika siyasətinin real
testi olacaq – vədlərdən nəticələrə keçid anı.

Diplomatiya infrastruktur halını alanda beynəlxalq nizam
abstrakt anlayış olmaqdan çıxır. 2025-ci ildə məhz bu baş verir:
nəqliyyat qovşaqları sərhədləri əvəz edir, enerji isə siyasətin
dili olur. ABŞ-ın müdaxilə əvəzinə inkişaf yönümlü yeni Yaxın Şərq
strategiyası sadəcə yollar şəbəkəsi deyil – qarşılıqlı asılılıq və
fayda arxitekturasıdır, burada hər bir iştirakçı ya inteqrasiya
olunur, ya da periferiyada qalır.
Azərbaycan üçün məsələ aydındır: bu sistemdə iştirak etməmək – onun
başqaları tərəfindən, bizsiz qurulmasına razılıq vermək
deməkdir.

Vaşinqtonun “inkişaf vasitəsilə təsir” konsepsiyası sadə, amma
dəqiq formulaya əsaslanır: sabitliyi müqavilələr deyil, maraqlar
yaradır. Əgər qonşu dövlətlərin təchizat marşrutları eynidirsə,
onlar razılaşmağa məcburdurlar. Bu mənada Azərbaycan yeni
təhlükəsizlik formasının platformasına çevrilir – hərbi deyil,
iqtisadi təhlükəsizlik.

Amerikalılar bunu anlayırlar. Buna görə də 2025-ci ildə əsas
diqqət hərbi ittifaqlarda deyil, nəqliyyat qovşaqlarında,
terminallarda, boru kəmərlərində və rəqəmsal əlaqə xətlərində
cəmlənib. Logistika diplomatiyaya çevrilir.

Xəritəyə baxanda açıq görünür: Cənubi Qafqaz həm coğrafi, həm də
siyasi baxımdan ox rolunu oynayır. Türkiyə – dənizlərə çıxış,
Azərbaycan – Mərkəzi Asiyanın resurslarına və əlaqələrinə çıxışdır.
Bu iki istiqamətin birləşməsi bir kontur yaradır ki, orada hərbi
mövcudluq olmadan güc balansını qorumaq mümkündür.

Azərbaycan çoxdan sübut edib ki, neft və qaz silah yox, arqument
ola bilər. Cənub Qaz Dəhlizi son onilliklərin yeganə layihəsidir
ki, burada Azərbaycan, Türkiyə, Avropa və Qərbin maraqları
uzlaşdırılıb.
Bu gün, Rusiya tədarüklərinin azalması və Yaxın Şərqdə
qeyri-sabitliyin artması fonunda, Avropa üçün Azərbaycan enerji
resurslarının əhəmiyyəti daha da artır. 2025-ci ildə Azərbaycan
Aİ-yə 12 milyard kubmetrdən çox qaz ixrac edir, 2030 perspektivində
bu həcmin 20 milyarda çatdırılması planlaşdırılır. Artıq yeni boru
kəməri xətləri üzrə danışıqlar başlayıb, paralel olaraq “yaşıl
enerji” layihələri – elektrik ixracı, hidrogen istehsalı və
Qarabağla Şərqi Zəngəzurda günəş stansiyalarının inkişafı həyata
keçirilir.

Bakı diplomatik strategiyasını üç dayağ üzərində qurur: enerji
səmərəliliyi, tranzit və etibarlılıq. ABŞ administrasiyası
Azərbaycanı Qərbin enerji təhlükəsizliyinin elementi kimi görür.
Əvəzində Bakı təkcə investisiyalar deyil, həm də siyasi təminatlar
əldə edir: beynəlxalq layihələrdə iştirak artıq birbaşa regional
sabitliyin təminatı ilə bağlıdır.

Nəqliyyat layihələrinin siyasi mahiyyəti ondadır ki, onlar heç
kimə məxsus deyil, amma hamıya xidmət edir. Zəngəzur dəhlizi
infrastrukturun münaqişə məntiqini necə dəyişə biləcəyinin bariz
nümunəsidir. Onilliklərlə Azərbaycanla Ermənistan arasındakı
sərhədlər bölgü xətti idi. İndi isə əlaqə xəttinə çevrilir.
Naxçıvanla ölkənin əsas ərazisi arasında dəmir yolunun işə
salınması, yolların və enerji-kommunikasiya xətlərinin bərpası
regionun strateji təcridini faktiki olaraq aradan qaldırır. ABŞ bu
prosesi “yumşaq inteqrasiya” modeli kimi dəyərləndirir: heç kim üz
itirmir, hamı sabitlikdən qazanır.

Eyni prinsip bütün Yaxın Şərqə də şamil edilir: amerikalılar
infrastruktur qurularkən siyasi mübahisələrin ertələndiyi “iqtisadi
atəşkəs” ideyasını irəli sürürlər. Bu romantizm deyil,
hesab-kitabadır. Əgər boru kəməri və ya dəmir yolu milyardlarla
gəlir gətirirsə, müharibə iqtisadi cəhətdən mənasız olur.

İllüziyaya qapılmağa dəyməz: yeni arxitektura təkcə imkanlar
yox, risklər də yaradır.
Birinci risk – təsirin aşırı mərkəzləşməsi. ABŞ dəhlizləri
formalaşdırarkən qaçılmaz olaraq kapital və texnologiya axınlarına
nəzarəti möhkəmləndirməyə çalışır. Azərbaycan üçün əsas məsələ
“başqalarının maraqlarını xidmət edən logistika periferiyası”na
çevrilməməkdir. Həll – tərəfdaşların şaxələndirilməsidir. Bakı bunu
edir: Türkiyə ilə strateji əlaqələri saxlayır, Aİ ilə enerji
bağlarını genişləndirir, Çin təşəbbüslərində iştirak edir, Rusiya
ilə dialoqu qoruyur.

İkinci risk – marşrutların toqquşması. Rusiya “Şimal–Cənub”
layihəsini, İran “İslam nəqliyyat kəməri”ni, Çin isə “Bir kəmər –
bir yol”u irəli aparır. Bu sistemlər kəsişir. Azərbaycan üçün əsas
məqsəd marşrut rəqabətinin dövlətlərarası rəqabətə çevrilməsinə yol
verməməkdir. Çevikliyi qorumaq Bakının başlıca üstünlüyüdür.

Üçüncü risk – daxili balans. İstənilən infrastruktur
ekspansiyası sosial nəticələr doğurur. Tranzit axınlarının artması
idarəetmədə islahatlar, şəffaflıq və investisiyalara nəzarət tələb
edir. Bu, Azərbaycan üçün institutları möhkəmləndirmək imkanıdır,
amma çağırış da var: xaricə açılma qaçılmaz olaraq daxili
modernləşməni tələb edir.

2025-ci ildə Azərbaycanın ÜDM artımı 4,2 faiz səviyyəsindədir.
Qeyri-neft sektorunun payı 60 faizi ötür. Logistika, nəqliyyat və
informasiya texnologiyalarına yatırımlar yeni artım drayverlərinə
çevrilir. 2030-cu ilə qədər dövlət strategiyası beynəlxalq
dəhlizlər – Şərq–Qərb və Şimal–Cənub – əsasında vahid
“infrastruktur kəməri”nin yaradılmasını nəzərdə tutur.

Bakı iqtisadiyyatla geosiyasətin üst-üstə düşdüyü məkana
çevrilir. Hər yeni yol təkcə iqtisadi arteriya deyil, siyasi
arqumentdir. Belə arqumentlər artdıqca suverenlik də güclənir.

Azərbaycanla ABŞ arasındakı münasibətlər bu gün keyfiyyətcə yeni
mərhələyə keçir: strateji hesabat ənənəvi ritorikanı sıxışdırır.
Bakı artıq Avrasiyanın kənarında dayanan oyunçu kimi deyil, uğuru
Xəzərdən Aralıq dənizinədək uzanan yeni Amerika xəttinin taleyini
xeyli dərəcədə müəyyənləşdirən real strateji aktiv kimi
görülür.

Vaşinqton üçün Azərbaycan təkcə tərəfdaş deyil, regionun enerji
və nəqliyyat arxitekturasının düyün nöqtəsidir. O, Avropaya
etibarlı enerji təchizatçısı, Mərkəzi Asiya ilə Aralıq dənizi
arasında tranzit arteriya, həm də müasir, dünyəvi, dayanıqlı
institutlar qura bilmiş müsəlman dövlətinin nümunəsidir. Yaxın
Şərqin münaqişələrlə sarsıldığı, Cənubi Qafqazın isə güclərin
rəqabət meydanı olaraq qaldığı bir dövrdə bu cür sabitlik nadir
strateji resursa çevrilir.

Azərbaycan üçün isə ABŞ investisiya, texnologiya və innovasiya
mənbəyidir. Vaşinqton yalnız iqtisadi dəstək göstərmir, həm də Qərb
institutlarını regional layihələrə cəlb etməklə Rusiya, İran və
Türkiyə arasında təsir balansını yaradır. Bu kontekstdə Amerika
diplomatiyası təzyiq aləti deyil, tarazlaşdırma mexanizmidir –
Bakının müstəqillik məkanını genişləndirməyə kömək edən faktor.

Bu tərəfdaşlıq praqmatizm üzərində qurulub: tərəflər siyasi
asılılıq zonasına girmədən fayda əldə edirlər. ABŞ hərbi müdaxiləyə
ehtiyac duymadan nəticə qazanır, Azərbaycan isə öhdəlik və
suverenlik itkisi olmadan inkişaf edir. Bu formula iki ölkənin
münasibətlərini ideologiyadan çox rasional maraqlara söykənən yeni
tip beynəlxalq əlaqələrin nümunəsinə çevirir.

2025-ci il Cənubi Qafqazın periferiyadan çıxıb yeni dünya
siyasətinin laboratoriyasına çevrildiyi an oldu. Amerika uzun
fasilədən sonra diktə etmir, təklif edir. Azərbaycan isə uzun
illərdən bəri ilk dəfə uyğunlaşmır, layihələndirir.

Əgər “Xəzərdən Aralıq dənizinədək dəhliz” strategiyası
gerçəkləşsə, Cənubi Qafqaz tarixə münaqişələr regionu kimi yox,
yeni tip postmünaqişə inteqrasiyasının nümunəsi kimi düşəcək.
Azərbaycan bu prosesin təkcə iştirakçısı deyil. Onun
müəllifidir.